Girovlar ailələri ilə “Skype”la danışmalıdır - Əli Həsənov

Girovlar ailələri ilə “Skype”la danışmalıdır - Əli Həsənov
  19 Fevral 2016    Oxunub:3452
Baş nazirin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilən rəhbəri Elena Silvia Marisa Ajmone Sessera və sabiq rəhbəri xanım Deniz Duranı qəbul edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Elena Ajmone Sesseranı bu təyinatı münasibətilə təbrik edən Əli Həsənov ona Azərbaycandakı fəaliyyətində uğurlar arzulamaqla yanaşı, bu təyinatın Azərbaycanla Beynəlxalq Qızıl Xaç Komitəsi arasındakı əlaqələrin inkişafında mühüm önəm daşıyacağına əminliyini ifadə edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin mandatına uyğun fəaliyyəti ilə bağlı cari və perspektiv məsələlərin müzakirə olunduğu görüşdə həmçinin BQXK ilə Azərbaycan hökuməti, eləcə də digər tərəfdaşlar arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrindən də danışılıb, bu qurumun həyata keçirdiyi layihələri, onların icra mexanizmi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Görüşdə baş nazirin müavini Əli Həsənov bildirib ki, Azərbaycan dünyanın diqqət mərkəzindədir. Son 12 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf edib və dünyanın nüfuzlu ölkələrindən birinə çevrilib. Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biridir. Ümumi daxili məhsulun artım templərinə görə son beş ildə ölkəmiz dünyada öncül mövqedədir. Müxtəlif xalqların və millətlərin mehriban şəraitdə yaşadığı Azərbaycandakı mövcud tolerantlıq dünyaya nümunə göstərilir. Ölkəmizin müstəqil siyasət yürütdüyünü deyən Baş nazirin müavini bildirib ki, bu gün Azərbaycanı qlobal layihələri reallaşdıran, bəşəri problemlərin həllinə yönəlmiş mühüm təbdirlərə ev sahibliyi edən bir ölkə kimi tanıyır və qəbul edirlər. Buna misal olaraq, “Eurovision” mahnı müsabiqəsini, ilk dəfə Bakıda keçirilən birinci Avropa Oyunlarını, beynəlxalq forumları və bu qəbildən olan digər çoxsaylı tədbirləri göstərmək olar.

Əli Həsənov qonaqlara Azərbaycan reallıqları, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin tarixi, ölkəmizdəki qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında da geniş məlumat verib.Ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ciddi bir problemlə üzləşdiyini, münaqişənin həlli istiqamətində indiyədək heç bir irəliləyişə nail olunmadığını diqqətə çatdıran Əli Həsənov dünya birliyinin, güclü dövlətlərin işğalçı Ermənistana təsir və təzyiq imkanlarından istifadə etməməsindən, haqqın, ədalətin bərpasına göz yummasından təəssüfləndiyini, bütün bunlardan isə 1 milyon 200 min soydaşımızın əziyyət çəkdiyini bildirib.

Baş nazirin müavini vurğulayıb ki, BMT Təhlükəsizlik Şurası Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı dörd qətnamə qəbul edib. Ermənistanın təcavüzkar siyasəti ATƏT, AŞPA, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə də pislənilib. Təəssüf ki, bu qərar və qətnamələr hələ də kağız üzərində qalır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan Ermənistan işğal olunmuş Azərbaycan ərazilərində qanunsuz fəaliyyətini davam etdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün yaradılmış ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələ ilə məşğul olurlar, ancaq onların fəaliyyətinin heç bir nəticəsi yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir.

Əli Həsənov həmçinin diqqətə çatdırıb ki, bu vəziyyət bütövlükdə region üçün çox təhlükəlidir. Ona görə də münaqişənin həlli ilə uzun müddət məşğul olan beynəlxalq qurumlar, ATƏT-in Minsk qrupunda təmsil olunan dünyanın aparıcı dövlətləri Azərbaycanın ərazi bütövlüyünü təmin etməli, regionda sülhün, ədalətin bərpa olunmasına nail olmalıdırlar.

Qəbulda Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz doğma yurdularını və ata-analarının məzarını ziyarət edərkən ermənilər tərəfindən girov götürülüb, sonra isə separatçı Dağlıq Qarabağ rejiminin "məhkəməsinin qərarı ilə" barələrində "hökm" çıxarılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevlə və onların bu günkü durumları ilə bağlı fikir mübadiləsi aparılıb, işğalçı ölkənin bu barədə tutduğu mövqe Ermənistan tərəfindən beynəlxalq hüquq normalarına saymazlıq, onları kobud şəkildə pozmaq və ciddi özbaşınalıq kimi dəyərləndirilib.

Əli Həsənov eyni zamanda, Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz yaxınları ilə telefon və skype vasitəsi ilə canlı əlaqənin yaradılmasını bir daha qonaqların diqqətinə çatdırıb, bu məsələnin Cenevrədə təşkilatın prezidenti Peter Maurer ilə müzakirə etdiyini və bunun tezliklə həyata keçirilməsini tələb edib.

Görüşdə Baş nazirin müavini Əli Həsənov qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyev və beynəlxalq təşkilatlar tərəfindən görülmüş işlərdən də danışıb. O, həmçinin diqqətə çatdırıb ki, bu günlərdə Londonda “Suriyaya və regiona dəstək” konfransında cənab Prezident bildirmişdir ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həllində bizim ölkənin çox böyük təcrübəsi var və biz bu təcrübəni digər ölkələrlə paylaşa bilərik. “Münhen Təhlükəsizlik Konfransında” Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan nümayəndəsinə layiqli cavab verməklə bir daha erməni diasporunun iç üzünü açıb Avropaya göstərdi.

BMT-nin Qaçqınlar üzrə sabiq Ali Komissarı Antonio Quterreş də Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri bütün dünya üçün nümunə göstərib.

Baş nazirin müavini münaqişə nəticəsində doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlər üçün Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən həyata keçirilmiş humanitar proqramları da yüksək qiymətləndirmiş və Azərbaycan Hökuməti tərəfindən təşkilatın azad və şəffaf fəaliyyət göstərməsi üçün hər cür şərait yaradıldığını diqqətə çatdırıb.

Məlumata görə minnətdarlığını bildirən qonaq Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü işləri yüksək qiymətləndirib, ölkədə baş verən inkişaf və tərəqqinin göz qabağında olduğunu diqqətə çatdırıb. O, həmçinin ölkədəki fəaliyyətlərinə verdiyi dəstəyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirməklə yanaşı bunun BQXK-nın dünyanın müxtəlif ölkələrindəki humanitar fəaliyyətinin dəstəklənməsi üçün də mühüm önəm daşıdığını qeyd edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti