170 min rüşvət verən müəllim həbs edilə bilər

170 min rüşvət verən müəllim həbs edilə bilər
  19 Fevral 2016    Oxunub:4977
Eynur Kərimov adlı vətəndaşın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq aparat rəhbəri Səfər İmanova 170 min dollar rüşvət verməsi xəbəri günlərdir mətbuatın gündəmindən düşmür.
Komitənin yaydığı rəsmi məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov Komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs Komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib.

E.Kərimovun 170 min dolları sabiq aparat rəhbərinə həyat yoldaşını icra başçısının müavini vəzifəsinə düzəltməsi üçün verdiyi məlum olub. Günlərdir haqqında müzakirələr aparılan E.Kərimovun vəkili Adəm Məmmədov hüquqlarını müdafiə etdiyi şəxsin müəllim işlədiyini bildirib.

Müəllimdə 170 min dolların haradan olması sualı ortaya çıxsa da, məsələnin digər tərəfi E.Kərimovun rüşvət verən şəxs kimi cinayət məsuliyyəti daşımasıdır.

Hüquqşünas Əliməmməd Nuriyev AzVision.az-a açıqlamasında bildirib ki, dövlət məmuruna 170 min dollar rüşvət verən şəxsin özünə də məsuliyyətə cəlb edilə bilər:

“Həmin şəxs vəzifəli məmura rüşvət verməklə yaxınını vəzifəyə düzəltmək istəyib. Halbuki, bizdə ayrı-ayrı yüksək vəzifələrə təyinatın qaydaları var. Eyni zamanda dövlət qulluğunda vəzifə tutmaqla əlaqədar qanun mövcuddur. Demək ki, vəsaiti verən şəxs də qeyri-qanuni yolla öz yaxınını vəzifəyə düzəltmək istəyib. Təbii ki, belə halda onun hərəkətini rüşvət vermək kimi qiymətləndirmək olar. Qanunun tələbinə əsasən həmin şəxs rüşvət verdiyi barədə hüquq-mühafizə orqanlarına dərhal məlumat verirsə, onda hüquqi məsuliyyətdən azad oluna bilər”.

Hüquqşünas bildirib ki, E.Kərimovun qarşı tərəfə qarşı iddiası araşdırımalı və sübuta yetirilməlidir: “Həqiqətənmi həmin şəxs bu vəsaiti dövlət məmuruna verib? Vəsaiti harada, nə zaman, hansı şəraitdə verib? Bu suallara cavab tapılmalıdır. Əgər bu hadisə baş veribsə, o zaman hər iki şəxs məsuliyyətə cəlb ediləcək. Vəsaiti alan vəzifəli şəxsdirsə, rüşvət aldığına görə məsuliyyət daşıyacaq. Əgər o da vasitəçidirsə, o zaman rüşvət almaqda vasitəçi kimi məsuliyyət daşıyacaq. Bu məsələ sübut olunarsa, onun əməli dələduzluq kimi qiymətləndirilə bilər. Buna hüquqi qiyməti istintaq orqanları verəcək. Araşdırmanın nəticələrindən sonra bəlli olacaq”.

Rüşvətvermə halları Cinayət Məcəlləsi ilə necə tənzimlənir?

Maddə 312. Rüşvət vermə (aktiv rüşvətxorluq)

312.1. Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi —

min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.

312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə—
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.

Qeyd: Rüşvət verən şəxs vəzifəli şəxs tərəfindən tətbiq edilən hədə-qorxu nəticəsində rüşvət verdikdə və ya rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdikdə cinayət məsuliyyətindən azad edilir.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti