`Bu, prioritet vəzifədir` - Mədət Quliyev

`Bu, prioritet vəzifədir` -  Mədət Quliyev
  19 Fevral 2016    Oxunub:2778
Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Denis Duran ilə görüşüb.

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə nümayəndəliyin yeni rəhbəri Elena Aymone Sessera da iştirak edib.

Dövlət Komissiyasının sədri Mədət Quliyev Denis Duranın Azərbaycanda çalışdığı dövrdə aparılan birgə fəaliyyətin konstruktiv olduğunu, konkret nəticələr verdiyini qeyd edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. O, BQXK-nin Azərbaycan nümayəndəliyinin rəhbəri təyin olunması münasibəti ilə Elena Aymone Sesseranı təbrik edərək, səmərəli əməkdaşlıq əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Komissiya sədri Mədət Quliyev qeyd edib ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində yaranmış ciddi humanitar problem olan əsir-girov və itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üzrə fəaliyyətin Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi strateji xəttə uyğun olaraq daha da intensivləşdirilməsi və təkmilləşdirilməsi prioritet vəzifədir. Komissiya sədri, ümumən Beynəlxalq Qızıl Xaç Komitəsi ilə keçirilən görüşlərin və aparılan müzakirələrin qarşılıqlı faydalı olduğunu söyləyib.

Denis Duran və Elena Aymone Sessera səmimi qəbula və əməkdaşlıq üzrə əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi üçün yaradılan şəraitə görə Dövlət Komissiyasının sədrinə təşəkkürlərini bildiriblər. Denis Duran Azərbaycanda üç ildən artıq fəaliyyət göstərdiyi müddət ərzində təmsil etdiyi qurumun nümayəndəliyi ilə general-leytenant Mədət Quliyevin rəhbərlik etdiyi xidmətlər arasında daim sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu vurğulayıb və bunu yüksək qiymətləndirdiklərini qeyd edib.

Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə birgə fəaliyyətin səmərəli olması baxımından bundan sonra da işgüzar əməkdaşlığın davam etdirilməsinin vacibliyi vurğulanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti