Büdcədə nələr dəyişdi? - Parlamentdə gərgin müzakirə

Büdcədə nələr dəyişdi? - Parlamentdə gərgin müzakirə
  19 Fevral 2016    Oxunub:4655
Bu gün Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AzVision.az "Azərtac"a istinadən xəbər verir ki, iclasda “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib.

Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, son bir ildə dünyada neftin qiymətinin 4 dəfə aşağı düşməsi Azərbaycan iqtisadiyyatından da yan keçməyib: "Qlobal iqtisadi proseslər Azərbaycanın iqtisadi inkişafına da təsirsiz ötüşmür. Baş verən proseslər də ölkənin valyuta daxilolmalarının kəskin azalmasına və tədiyyə balansında mənfi saldonun yaranmasına səbəb olur. Dünya bazarında neftin qiymətinin dəfələrlə aşağı düşməsi, eləcə də bir çox ölkələrdə baş verən hadisələr Azərbaycan iqtisadiyyatına da bu və ya digər şəkildə təsir edir. Bununla belə, Azərbaycan hökuməti müxtəlif tədbirlər görür ki, mövcud iqtisadi çətinlikdən maksimum az itki ilə çıxsın. Belə tədbirlərdən biri də Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən 2016-cı ilin dövlət büdcəsi haqqında Qanuna dəyişikliklər edilməsi barədə sənəddir".

Bundan sonra maliyyə naziri Samir Şərifov qanun layihəsini təqdim edib. Nazir bildirib ki, sözügedən düzəlişlər dünyada baş verən iqtisadi proseslərlə bağlıdır: "Həmçinin təlatümlü vəziyyət enerji daşıyıcıları bazarında təklifin tələbi üstələməsi və iri dövlətlər tərəfindən neftə olan tələbatın xeyli azalması ilə əlaqədardır. Bu isə inkişafda olan neft ölkələri üçün mənfi amillər yaradır. Bu səbəbdən Azərbaycan iqtisadiyyatı üçün də yeni çağırışlar yaranır. Şübhəsiz ki, bu reallıqlar ölkəmizə valyuta daxilolmasının kəskin azalmasına və tədiyyə balansının aşağı düşməsinə gətirib çıxarır. Bütün bu amillər dövlət büdcəsinə müəyyən düzəlişlər edilməsi zərurətini yaradır".

Yenidən baxılacaq 2016-cı il icmal büdcə üzrə əsas dəyişikliklər barədə danışan nazir bildirib ki, 2016-cı il icmal büdcənin gəlirləri 15 mlrd. 738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. "Azalma əsasən dəqiqləşdirilmiş icmal büdcəni neft gəlirlərinin hesablanması üçün bir barrel xam neftin qiymətinin təsdiq edilmiş proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat azalması hesabınadır", - deyə o bildirib.



S. Şərifov 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri barədə də danışıb. Bildirib ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir barreli üçün 25 ABŞ dolları götürülməsi müvafiq olaraq dövlət büdcəsinin gəlirlərində neft sektorundan daxilolmaların azalması ilə nəticələnib: "2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozla müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 milyon manat və ya 2% azdır. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 milyon manat və ya 4,8 faiz-bənd çoxdur".

İclasda çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, müəyyən sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 milyard 290 milyon manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8% təşkil edəcək. O qeyd edib ki, Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 mlrd. 810 mln. manat təşkil edir ki, bu da təsdiq edilmiş proqnozla müqayisədə 220 mln. manat çoxdur.

"Digər gəlirlər üzrə daxilolmalar isə 75 milyon manat proqnozlaşdırılır. Bu da 2016-cı ilin təsdiq edilmiş proqnozuna nisbətən 13 milyon manat və ya 21 faiz çoxdur. Artıma səbəb ötən illərdə xarici valyutada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır", - deyə palata sədri qeyd edib.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti