Prezidentin İran səfəri: Gərgin məqamda vacib addım – TƏHLİL

Prezidentin İran səfəri: Gərgin məqamda vacib addım – TƏHLİL
  23 Fevral 2016    Oxunub:38153
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin İrana səfəri başladı. İrana qarşı beynəlxalq sanksiyalar ləğv olunduqdan sonra ilk dəfədir ki, Azərbaycanın dövlət başçısı bu ölkəyə səfərə yollanır.

İran səfərinin məqsədləri və iki ölkə rəhbərinin əsas müzakirə mövzuları bardə prezident İlham Əliyev səfər ərəfəsində İslam Respublikasının Radio-Televiziya Şirkətinə verdiyi müsahibəsində müəyyən açıqlamalar gətirib. İlham Əliyevin müsahibəsindən belə nəticəyə gəlmək olar ki, iki dövlət rəhbərinin müzakirə gündəliyində üç əsas məsələ dayanır. Birincisi regionda və dünyada baş verən hadisələr, ikincisi İranla Azərbaycan arasında ticari-iqtisadi münasibətlərin inkişafı və üçüncüsü, Azərbaycanda şiəlik dini təriqətinin vəziyyəti və dövlətin bu təriqətin nümayəndələrinə münasibəti.

Təsadüfi deyil ki, prezident öz müsahibəsində müzakirə mövzusu kimi birinci olaraq dünyada və regionda baş verən hadisələri qeyd edib. Bu, Suriyada son dövrlər hökumət qüvvələrinin üstünlük əldə etməsi fonunda Əsəd tərəfdarları ilə ona qarşı çıxan beynəlxalq koalisiya arasında ziddiyyətlərin kəskinləşməsi, problemlə bağlı yaranmış Türkiyə-Rusiya qarşıdurması ehtimalı və Azərbaycanın mövqe nümayiş etdirməsi ehtiyacının yaxud tələbinin ortaya çıxması ilə bağlı ola bilər.

Rusiya ilə Terkiyənin münasibətlərinin hansı məcraya qədər kəskinləşəcəyi məlum deyil və burada ən bədbin proqnozların belə verilməsi mümükündür. Söhbət ondan gedir ki, Türkiyə ilə Rusiya ordularının Suriya cəbhəsində qarşı-qarşıya gəlməsi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinin yenidən alovlanması və beynəlxalq xarakter alması mümkündür.

Məlum Ankara terroru ilə əlaqədar prezident Ərdoğanın Bakı səfəri baş tutmasa da, xarici işlər naziri Mevlut Çavuşoğlunun ölkəmizə gəlişi göstərir ki, məsələ ətrafında iki ölkə arasında intensiv məsləhətləşmələr aparılır. Məhz belə bir məqamda, İranın Azərbaycanla bağlı sərgiləyəcəyi mövqe xüsusi əhəmiyyət daşıyır.

Bəşər Əsəd İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Rusiya ilə yanaşı, İranın ona hərbi dəstək verdiyini bildirməsinə baxmayaraq, Tehranın birmənalı şəkildə anti-Qərb, yaxud Rusiyayönümlü xarici siyasət güddüyünü bildirmək yanlışlıq olar. İran xarici siyasətində öz milli maraqlarını üstün tutaraq çoxtərəfli mürəkkəb kombinasiyalı gedişlərdən istifadə edir. Başqa sözlə desək İran hər bir region, yaxud sahədə öz maraqlarına uyğun mövqe sərgiləyir və hansısa beynəlxalq koalisiya ətrafında birmənalı qütbləşməyə meyilli deyildir.

Odur ki, mümkün Rusiya-Türkiyə gərginliyi, bu gərginliyin Cənubi Qafqaza sirayəti məsələsində İranın tutacağı mövqe regionla bağlı hadisələrin inkişafı istiqamətinə təsir göstərəcək əsas faktordur. Bu mənada Azərbaycanla İranın mövqelərinin razılaşdırılması, yaxud Azərbaycanın Tehranın mövqeyini nəzərə alaraq yekun qərara gəlməsi mümkündür.

İran-Azərbaycan ticari-iqtisadi münasibətlərinə gəldikdə isə hər iki ölkə rəhbəri dünyada baş verən iqtisadi tənəzzül fonunda bu məsələdə daha proqmatik addımların tərəfdarı kimi görünürlər. Ümumiyyətlə, hazırkı prezident Ruhani xələfindən fərqli olaraq bu məsələdə daha müsbət xarakterizə olunur. Bu mənada, hər iki ölkə rəhbərinin qarşılıqlı gəlir vəd edən iqtisadi layihələrə həvəslə qol qoyacaqlarını əminliklə söyləmək olar.

Məlumdur ki, İran 10 illik sanksiyalardan sonra fəal şəkildə iqtisadiyyatın dirçəlməsi və əlavə gəlir mənbələrinin axtarışına başlayıb. Buna görə, daha çox əməkdaşlığa və xarici ölkələrlə inteqrasiyaya meyillidir. Təbii ki, neft qiymətlərinin aşağı düşməsi Azərbaycanın da gəlirlərini aşağı saldığına görə rəsmi Bakı qarşılıqlı faydalı biznes sahələrinin inkişafında maraqlıdır. Konkret olaraq burada söhbət Simal-Cənub nəqliyyat dəhlizinin işə düşməsindən gedir. Prezident İlham Əliyev öz müsahibəsində bu məqama toxunmaqla yanaşı, eyni zamanda digər mümkün əməkdaşlıq istiqamətləri ilə bağlı işçi qrupunun çalışması barədə də məlumat verib.

Dini məsələlərlə bağlı həm prezidentin müsahibəsində verdiyi açıqlama, həm də Azərbaycanda bu sahəhədə aparılan siyayət göstərir ki, ölkəmizdə dini azadlıqlara hörmətlə yanaşılır və hansısa təriqət daşıyıcılarının sırf dini görüşlərinə görə təqib olunması yol verilməzdir. Azərbaycan multikulturalizm siyasəti yürütməklə vətəndaşının mədəni azadlıqlarına hörmətlə yanaşdığını bir daha sübut edir. Nardaran hadisələri bir qrup xəyatkarın Azərbaycanda sabitliyi pozmaq və ölkənin imicinə zərbə vurmaqla böyük layihələrdən kənarda qoymaq istəyi ilə bağlı olduğu aydınlaşır. Həm İran, həm də Azərbaycan anlayırlar ki, bu tip hadisələr ikitərəfli münasibətlərin dərinləşməsindən ehtiyatlanan qüvvələrin marağına qulluq edir.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti