Milli Məclisdə büdcə müzakirəsi

Milli Məclisdə büdcə müzakirəsi
  23 Fevral 2016    Oxunub:2075
Milli Məclisin növbəti plenar iclası keçirilir.
AzVision.az xəbər verir ki, iclasda büdcə müzakirələrinə başlanıb.

Bildirilib ki, 2016-cı il dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 822,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 2 256,0 mln. manat və ya 15,5% çox, 2015-ci ilin icrası ilə müqayisədə isə 334,8 mln. manat və ya 2,0 % azdır.

Dövlət büdcəsi gəlirlərinin 7 615,0 mln. manatı və ya 45,3%-i Dövlət Neft Fondundan transfertin, 7 010 mln. manatı və ya 41,7%-i Vergilər Nazirliyinin xətti ilə daxilolmaların , 1 810,0 mln. manatı və ya 10,7%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 387,0 mln. manatı və ya 2,3%-i sair dailolmaların payına düşür.

Azərbaycan Respublikası Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği manat ifadəsində təsdiq olunan məbləğdən 1 615,0 mln. manat və ya 26,9% çox olsa da, ABŞ dolları ifadəsində təsdiq olunmuş büdcə ilə müqayisədə transfertin məbləği 1 000,0 mln. manat dollar azaldılaraq həmin məbləğ qədər Dövlət Neft Fondunun qalığına qənaət edilir. Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 597,0 mln. manat və ya 45,2% nəzərdə tutulur ki, bu da 2015-ci ilin icra göstəricisi ilə müqayisədə 659,2 mln. manat və ya 4,8 faiz-bənd çoxdur.

Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 010,0 mln. manat daxilolma nəzərdə tutulur ki, bu da 2016-cı il üzrə təsdiq olunmuş proqnozdan 408,0 mln. manat və ya 6,2% çoxdur. Proqnozlaşdırılan daxilolmaların 23,0%-i və ya 1 610,0 mln. manatı neft sektorunun, 77,0% və ya 5 400,0 mln. manatı qeyri-neft sektorunun payına düşür.

Vergi orqanlarının xətti ilə qeyri-neft sektorundan 5 400,0 mln. manat vergilərin daxilolması nəzərdə tutulur ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 588,0 mln. manat və ya 12,2 % çoxdur. Qeyri-neft sektorundan vergi daxilolmalarının məbləğinin artmasında səbəblərdən biri manatın yeni məzənnəsinin təsirinin nəzərə alınması olub.

2016-cı il üçün vergi daxilolmalarında neft-qaz sahəsində hasilatın pay bölgüsü müqavilələrindən mənfəət verigisi üzrə ilkin müəyyən edilmiş proqnoz 130,0 mln. manat azaldılaraq 370,0 mln. manat (2015-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 1,8 dəfə az), SOCAR üzrə dövlət büdcəsinə müəyyən edilmiş ilkin proqnoz 50,0 mln. manat azaldılaraq 1 240,0 mln. manat (2015-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 170,0 mnl. manat və ya 13,7% az) proqnozlaşdırılır.

Dövlət Gömrük Komitəsinin xətti ilə təmin edilən dəqiqləşdirilmiş daxilolmaların proqnozu 1 810,0 mln. manat təşkil edir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 220,0 mln. manat və ya 13,8% çoxdur.

Sair gəlirlər üzrə daxilolmalar 75,0 mln. manat proqnozlaşdırılır ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnozuna nisbətən 13,0 mln. manat və ya 21,0% çoxdur. Artıma səbəb ötən illər ərzində xarici valyuatada verilmiş kreditlər üzrə daxilolmaların manatın yeni məzənnəsi ilə hesablanmasıdır.

Qeyd edək ki, 2016-cı il üçün dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanması zamanı xam neftin satış qiyməti 1 barel üçün 25 ABŞ dolları götürülüb.

Qeyd olunub ki, 2016-cı il dövlət büdcəsi xərcləri 18 495,0 mln. manat təşkil edəcək ki, bu da 2016-cı ilin dövlət büdcəsinin təsdiq edilmiş xərclərinə nisbətən 13,7% çoxdur.

Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində əlavə olaraq 1 290,0 mln. manat vəsait nəzərdə tutulub ki, bununla da dövlət büdcəsində sosialyönümlü xərclərin xüsusi çəkisi 1,7 faiz-bənd artaraq 37,8% təşkil edəcək.

Dövlət büdcəsi xərclərində xarici valyutada ödənilməli olan öhdəliklərin, o cümlədən Cənubi Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi, dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər hesabına icra olunan investisiya layihələrində Azərbaycan tərəfinin pay iştirakının maliyyələşdirilməsi, dövlət borcuna xidmət xərcləri, xaricdəki səfirlik, konsulluq və digər diplomatik nümayəndəliklərin saxlanılması , beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinin artırılması, xüsusi müdafiə təyinatlı alışların aparılması məqsədləri üçün maliyyə təminatının yaradılmasına əlavə olaraq 2 632,3 mln. manat ayrılacaq.

2016-cı il dəqqiləşdirilmiş dövlət büdcəsinin xərclərinin 65,5%-ni və ya 12 105,6 mln. manatını cari xəcrvlər, 24,9%-ni və ya 4 614,3 mln. manatını əsaslı xərclər, 9,6%-ni və ya 1 775,1 mln. manatını dövlət borclarına xidmətlə bağlı xərclər təşkil edəcək.

2016-cı il dəqiqləşdirilmiş dövlət büdcəsi kəsirinin yuxarı həddi 1 673,0 mln. manat təşkil edəcək.

Dəqiqləşdirilmiş büdcədə müdafiə xərcləri 2 228 834 663 manat nəzərdə tutulub ki, bu da 2016-ci ilin təsdiqlənmiş büdcəsindən 21,3% çoxdur. Qeyd edək ki, daha öncə təsdiqlənmiş büdcədə müdafiə xərcləri 1 837 821 237 manat olub.
Bundan başqa dövlət borcuna və öhdəliklərinə xidmət edilməsi ilə bağlı xərclər də 42,0% artırılaraq 1 775 096 992 manat təşkil edib. Təsdiqlənimiş büdcədə bu göstərici 1 249 735 149 manat qeyd olunub.

İcmal büdcənin gəlirləri 15 738,6 mln. manat nəzərdə tutulur ki, bu da təsdiq edilmiş büdcəyə nisbətən 981,5 mln. manat və ya 5,9% azdır. Xərclər isə təsdiq edilmiş büdcəyə nisbətən 23,1% və yaxud 4 610,2 mln. manat artırılaraq 24 566,6 mln. manata çatırılır.

Yenidən baxılma ilə icmal büdcənin kəsiri 8 828,0 mln. manat, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsiri 12 309,3 mln. manat təşkil edəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti