Siyavuş Novruzov nazirləri tənqid etdi: `Haradadır onlar?`

Siyavuş Novruzov nazirləri tənqid etdi: `Haradadır onlar?`
  23 Fevral 2016    Oxunub:8044
Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bəzi nazirləri kəskin tənqid edib.

Deputat nazirlərin Milli Məclisdə keçirilən büdcə müzakirələrinə qatılamamasına etirazını bildirib. S. Novruzov deyib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər iclasda iştirak etməlidir.

“İqtisadi bloku təmsil edən nazirlərdən heç kim müzakirədə iştirak etmir. Dövlət büdcəsi təkcə maliyyə naziri Samir Şərifovun və ya Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil. Bəlkə onlara kiminsə sualı var? Haradadır onlar? Gələn iclasda hökumətin hesabatı veriləcək. Amma büdcə olmadan bu hesabat nəyə lazımdır?

İqtisadi strukturlara daxil olan nazirlər və ya müavinləri müzakirələrdə iştirak etməlidirlər. Baş nazirin 6 müavini var. Burada Nazirlər Kabinetindən bir nəfər yoxdur ki, sualımı cavablandırsın. Onlardan heç olmasa, biri iclasda iştirak edə bilərdi. Hər struktur rəhbəri deputatların suallarına şəxsən cavab verməlidir”, - deyə S.Novruzov bildirib.

S.Novruzova spiker Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində nazirlərin iclasa çağırılması məsələsini qaldırıb.

MM sədri onun tələbini diqqətdə saxlayacağını bildirib: “Nazirlərin çoxu prezident İlham Əliyevin İrana səfəri çərçivəsində ölkə başçısını müşayiət edir. Nazirlər Kabineti ilə bağlı iradla isə razıyam”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti