Nazirlər büdcə müzakirələrinə niyə gəlmədilər?

  24 Fevral 2016    Oxunub : 3309
Nazirlər büdcə müzakirələrinə niyə gəlmədilər?
Ötən gün Milli Məclisdə keçirilən büdcə müzakirələri zamanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov nazirləri kəskin tənqid edib.
Deputat hökumət üzvlərini büdcə müzakirələrinə qatılmamaqda ittiham edib.

“Parlamentdə büdcə müzakirəsi aparılır, amma iqtisadi bloku təmsil edən nazirlərdən heç kim müzakirədə iştirak etmir. Dövlət büdcəsi təkcə maliyyə naziri Samir Şərifovun və ya Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil. Haradadır onlar. Nazirlər Kabinetindən bir nəfər yoxdur ki, sualımı cavablandırsın”, - deyə S.Novruzov etirazını bildirib.

Deputatın bu çıxışı həmkarları tərəfindən müsbət qaşılanıb.

Milli Məclisin üzvü, deputat Vahid Əhmədov bu məsələdə Siyavuş Novruzovla həmfikir olduğunu bildirib.

AzVision.az-a açıqlama verən millət vəkili nazirlərin büdcə müzakirələrinə qatılmamasına dəfələrlə etiraz etdiyini deyib.

“Ötən gün nazirlərin bir çoxu səfərdə olsa da, onların müavinləri iclasda iştirak edə bilərdilər. Amma onlar da gəlmədilər. Büdcə müzakirəsi zamanı bir-iki nazirdən başqa heç kim yox idi ki, sualları cavablandırsın. Təəssüflər olsun, Milli Məclisə qarşı xoş olmayan münasibət göstərilir. Hesab edirəm ki, ölkə üçün əhəmiyyətli məsələlərin müzakirəsinə hər kəs qatılmalıdır. Nazirlər, hökumət rəsmiləri gəlib suallara cavab verməlidirlər”-deyə millət vəkili vurğulayıb.

V.Əhmədovun fikrincə, Milli Məclis əvvəlki hörmətini geri qaytarmalıdır: “Günah bizdədir. Milli Məclis qanun çərçivəsində öz hörmətini saxlamlı, əvvəlki nüfuzunu qaytarmalıdır. Belə olmaz. Bütün millət vəkilləri bu məsələdə həmrəy olmalıdırlar”.

Xatırladaq ki, iqtisadiyyat naziri Şahin Mustafayev, kənd təsərrüfatı naziri Heydər Əsədov, səhiyyə naziri Oqtay Şirəliyev ötən gün Prezident İlham Əliyevİranda rəsmi səfərdə olduqlarından büdcə müzakirələrində iştirak etməyiblər.

Baş nazirin müavinlərinin və digər dövlət rəsmilərinin büdcə müzakirələrinə qatılmamasının səbəbi isə açıqlanmır.

Anar Kəlbiyev
AzVision.az

Teqlər: