Bakı Limanından tələbələrə iş imkanı

Bakı Limanından tələbələrə iş imkanı
  25 Fevral 2016    Oxunub:1844
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC ADA Universitetində keçirilən 4-cü karyera sərgisində iştirak edib.
QSC-nin mətbuat xidmətindən AzVision.az- a verilən xəbərə görə, ənənəvi olaraq hər il ADA Universiteti tərəfindən təşkil olunan sərgidə tələbə və məzunlar mövcud əmək bazarında ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, müxtəlif sahələrdən olan mütəxəssislərlə ilkin əlaqələr qurmaq, həmçinin karyera planlaması üzrə dəyərli məsləhətlər almaq imkanı qazanıblar.

Ölkənin 40-dan artıq şirkətinin təmsil olunduğu sərgidə Bakı Limanının ayrıca stendi nümayiş etdirilib. Cəmiyyətin nümayəndələri Limanda işə qəbul olunmaq arzusunda olan məzunları Liman barədə məlumatlandırmış, iş imkanları və iş tələbləri haqqında informasiya vermiş və sərgi iştirakçılarının çoxsaylı suallarını cavablandırmışlar. Öz karyerasını Bakı Limanında qurmaq istəyən gənclər həmçinin Limanın gələcək perspektivləri və vakant vəzifələr barəsində məlumatlandırılıblar.
ADA Universitetinin tələbələri xüsusilə, Bakı Limanı tərəfindən keçirilən təcrübə proqramına da böyük maraq göstərmiş və müraciət qaydaları haqqında müfəssəl məlumat alıblar.

Nəzərinizə çatdırırıq ki, tələbələr üçün 2015-ci ilin dekabr ayında elan olunmuş Təcrübə Proqramı uğurla davam edir və yaxın günlərdə Bakı Limanında ikinci Təcrübə proqramına start veriləcək. Bu proqram Bakı Limanının Azərbaycan cəmiyyəti və gələcəyi qarşısında korporativ məsuliyyət çərçivəsində gənclər üçün yaratdığı tədris və təlim imkanlarından biri olaraq qiymətləndirilir.

Bundan başqa, Universitetin yuxarı kurs tələbələri və məzunları Bakı Limanı və ADA Universiteti arasında bağlanmış qarşılıqlı anlaşma haqqında memoranduma əsasən 2016-cı ildə açılacaq logistika sahəsində Beynəlxalq MBA proqramına qəbul barəsində də məlumat alıblar. Xatırladaq ki, bu proqrama daxil olan tələbələrin təhsili Bakı Limanı tərəfindən maliyyələşdirələcək. Yüksək ali təhsil standartlarına cavab verəcək Beynəlxalq MBA proqramı ADA Universitetinin yerli və əcnəbi professorları tərəfindən ingilis dilində tədris ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti