`Bunu gizlətmək mümkün olmazdı` - SOCAR cavab verdi
Bildirilir ki, hadisə baş verən zaman özüldə 63 nəfər xidmət personalından 62 nəfəri yaşayış blokunda, 1 nəfər operator Bəxtiyar Ələkbərov isə quyulara baxış keçirtmək üçün ərazidə olub. Odur ki, qəflətən ani sürətlə platformanın üzərini bürüyən alov quyular tərəfdən gələn B.Ələkbərovu tutub. Beləliklə, yalnız B.Ələkbərovun alov nəticəsində yanıq xəsarəti alması bir daha təsdiq edir ki, açıq havada iş görən başqa işçi olmayıb.
SOCAR-ın cavabında vurğulanır ki, “28 May” NQÇİ 10 saylı dərin dəniz özülünün sahələrinin heç birində qaz sızma hadisəsi qeydə alınmayıb: "DDÖ-ləri əlaqələndirən və təyinatından asılı olmayaraq bütün neft və qaz xətləri qüvvədə olan qaydaların tələblərinə uyğun olaraq işçi təzyiqə sınanır, sınandıqdan sonra istismara buraxılır və dövri olaraq yoxlanılır. Bundan əlavə, bütün neft-qaz xətlərinə mütəxəssislər tərəfindən daim ciddi nəzarət olunur, hər hansı çatışmazlıq aşkar olunarsa dərhal müvafiq tədbirlər görülür. Eləcə də, özüldə qüsurların qeydiyyatı və aradan qaldırılmasının uçotu aparılan xüsusi jurnal var. Hüquq-mühafizə orqanları dərhal bütün 6 qeydiyyat jurnalını hadisə yerindən götürüblər. Əgər elə bir hal olsaydı bunu gizlətmək mümkün olmazdı. Əlavə olaraq bildiririk ki, bu hadisənin güclü qasırğa nəticəsində baş verməsi danılmaz bir faktdır".
Qeyd olunur ki, həlak olan və itkin düşən neftçilərin həyatı sığortalandığından, onların ailələrinə sığorta təşkilatları ödəmələr həyata keçirir. Bundan əlavə, ailələrə həm dövlət, həm də SOCAR tərəfindən operativ olaraq maddi yardımlar göstərilib.
O da bildirilir ki, “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qəza ilə əlaqədar dəymiş ziyanın müəyyən edilməsi üçün mütəxəssislər tərəfindən araşdırmalar və qiymətləndirmə işləri aparılır. DDÖ-nün bərpası üçün görüləcək işlərə ayrılacaq büdcənin həcmi SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən layihə smeta sənədləri tərtib olunduqdan sonra müəyyən olunacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


