Azay Quliyev həmsədrləri `dişsiz pələng`ə bənzətdi
Minsk qrupunun həmsədrlərinin fəaliyyətinin qənaətbəxş olmadığını bildirən Azərbaycan nümayəndəsi onların münaqişənin həllinə töhfə vermək niyyətində olan digər beynəlxalq təşkilatların fəaliyyətinə müdaxilə etməsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb. Minsk qrupunun həmsədrlərini heç bir həllə nail ola bilməyən, bəyanatlarını konkret fəaliyyətə çevirməyi bacarmayan “dişsiz pələngə” bənzədən A.Quliyev həmsədrlərə inamın ciddi şəkildə sarsıldığını, onların qərəzsizliyinin sual altına alındığını diqqətə çatdırıb.
Deputat həmsədrlərin öz fəaliyyətini ATƏT tərəfindən qəbul edilmiş mandat əsasında, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərini yerinə yetirmək istiqamətində qurmasının vacibliyini vurğulayıb.
A.Quliyev münaqişənin həllində irəliləyişə nail olmaq üçün Minsk qrupunun tam tərkibdə fəaliyyətinin yenidən canlandırılmasının, qrupun bütün üzvlərinin problemin həllinə töhfə verməsinə şərait yaradılmasının vacibliyini qeyd edib. O, Minsk qrupuna daxil olan ölkələrin tam tərkibdə Minsk konfransının çağırılmasını təklif edib, həmsədrlərin fəaliyyətinin effektivliyinin nəzərdən keçirilməsinin vacib olduğunu qeyd edib. O vurğulayıb ki, Minsk konfransı həmsədrlərin fəaliyyətinə qiymət verməli, münaqişənin həll olunmamasının konkret səbəblərini müəyyənləşdirməli və Ermənistanın qeyri-konstruktiv mövqeyinə aydınlıq gətirməlidir. A.Quliyev çıxışını “Minsk konfransının çağırılması, həmsədrlərin fəaliyyətində dönüş yaradılması və status-kvonun dəyişdirilməsində Almaniyanın ATƏT-in sədri kimi verə biləcəyi konkret töhfə nədən ibarət olacaq?“ sualı ilə yekunlaşdırıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


