BQXK nümayəndələri erməni əsirə baş çəkdi

BQXK nümayəndələri erməni əsirə baş çəkdi
  26 Fevral 2016    Oxunub:1495
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları 2014-cü ilin dekabr ayında Ağdam rayonunda saxlanılan erməni hərbçiyə baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin əməkdaşı İlahə Hüseynova bildirib ki, görüş zamanı nümayəndəliyin əməkdaşları A.Baqdasaryanın saxlanma şəraiti və durumu ilə maraqlanıb: "Görüşdə hərbçiyə ailəsindən məktub təqdim edilib və onun ailəsinə göndərəcəyi məktub alınıb. Məktub komitə əməkdaşları tərəfindən hərbçinin ailəsinə çatdırılacaq".

Erməni kəşfiyyatçı Arsen Baqdasaryan Gəncə Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən A.Baqdasaryanın cəzası onun saxlanıldığı gündən, ötən il dekabrın 26-dan hesablanıb.

A.Baqdasaryan ilkin istintaq zamanı və istintaqın sonrakı gedişində təkzibolunmaz sübutların təsiri altında törətdiyi cinayətləri könüllü etiraf edib və işin halları ilə bağlı istintaqa ətraflı məlumat verib.

Törətdiyi əməllərə görə, A.Baqdasaryan Azərbaycan Cinayət Məcəlləsinin 12 maddəsi ilə ittiham olunub.

Qeyd edək ki, 2014-cü ilin dekabrın 26-da axşam saatlarında cəbhənin Ağdam rayonu istiqamətində ermənilərin kəşfiyyat-təxribat qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, müdafiənin ön xəttində yerləşən bölmələrimizin sayıqlığı nəticəsində düşmənin bu cəhdinin qarşısı əvvəlcədən aşkar edilərək alınıb.

Qısa atışmadan sonra xeyli sayda itki verərək geri çəkilən düşmənin kəşfiyyat-təxribat qrupunun üzvü, peşəkar hərbi qulluqçu Baqdasaryan Arsen Eduardoviç ələ keçirilib.

Törətdiyi əməllərə görə A. Baqdasaryanın Azərbaycan Cinayət Məcəlləsinin 218.2-ci (Cinayətkar birlik-təşkilatda iştirak etmə), 29,120.2.1-ci (Cinayətkar birlik - təşkilat tərəfindən qəsdən adam öldürməyə cəhd etmə), 29,120.2.7-ci (İki və daha çox şəxsi qəsdən öldürməyə cəhd etmə), 29,120.2.12 (Milli, irqi, dini, ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd etmə), 29,282.2-ci (Təxribat, yəni mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədilə müəssisələrin, qurğuların, yolların, əlaqə və rabitə vasitələrinin, əhalinin həyat təminatı obyektlərinin dağıdılmasına, yaxud zədələnməsinə yönəldilən partlayışlar, yanğınlar və sair hərəkətlər törətməyə cəhd) və digər maddələri ilə ittiham olunmasına dair cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A. Baqdasaryan cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 15 il müddətinə azadlıqdan məhrum edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti