Putin İlham Əliyevə niyə zəng edib? - ŞƏRH

Putin İlham Əliyevə niyə zəng edib? - ŞƏRH
  27 Fevral 2016    Oxunub:6642
“Putinin İlham Əliyevə zəng etməsi təsadüfi deyil. Rusiya Azərbaycanın xarici siyasətinin çevik manevr etməsindən narahatdır”.

Bunu politoloq Qabil Hüseynli Azərbaycan və Rusiya prezidentlərinin telefonla apardıqları intensiv danışıqları AzVision.az-a şərh edərkən bildirib.

Politoloq hesab edir ki, Putinlə İlham Əliyevin iki gündə 2 dəfə telefon danışığı aparması Azərbaycan prezidentinin İran səfərinin nəticələri ilə bağlı ola bilər.

“Prezident İlham Əliyevin İrana rəsmi səfəri Azərbaycan və İran münasibətlərində yeni mərhələ açır. Burada birgə neft və qaz yataqlarının işlənməsi, böyük ehtimalla İran qazının Azərbaycan ərazisindən keçməklə TANAP-a birləşdirilməsi məsələsi də var. Diqqət edək ki, Gürcüstanın energetika naziri Kaka Kaladze yaxın günlərdə Azərbayacana səfər gələcək. Səfər zamanı Bakı ilə qaz danışıqları aparılacaq. Belə olan halda, Gürcüstanın “Qazprom”dan qaz alması gündəmdən çıxır və Azərbaycanın rəhbrəlik etdiyi TANAP layihəsinin prespektivləri xeyli genişlənir. Bu kontekstdə Putinin narahatlığını başa düşmək olar. Moskva Azərbaycan-İran əlaqələrinin genişlənməsindən ehtiyat edir”.

Q.Hüseynlinin fikrincə, Rusiyanın Ermənistanı sürətlə silahlandırması, Dağlıq Qarabağ ərazisinə silah-sursat göndərməsi Azərbaycanı ciddi şəkildə narahat edir.

“Rusiya Azərbaycan üçün ciddi təhdid mərkəzi yaradır. Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) Rusiyaya nota verməsi ilə yanaşı, Azərbaycanın etirazı prezident tərəfindən Putinin diqqətinə çatıdırlıb. Ermənistanın kütləvi silahlandırılması Azərbaycan tərəfini narahat etməyə bilməz. Azərbaycan bununla bağlı aidiyyatı beynəlxalq təşkilatlara müraciət etmək fikrindədir. Yəqin ki, Putin telefon danışığında həmin silahların 200 milyon dollardan yuxarı olmayacağını və eləcə də Azərbayacanın sərhədləri boyunca yerləşdirilməyəcəyinə təminat verib. Ermənilərin əlində olan silahların hamısı Azərbaycana qarşı çevrilir. Bu cür şəraitin yaradılmasının başlıca günahkarı Rusiyadır”.



Politoloq vurğulayıb ki, Rusiya Ermənistanı silahlandırmaqla Qərbin Azərbaycanda reallaşdırmaq istədiyi layihələri şübhə altına atmaq istəyir: “Ermənistanın silahlanması fonunda Qərbin marağında olan layihələr təhlükə altına düşə bilər. Bu da ABŞ-ın tək geosiyasi deyil, həm də iqtisadi maraqlarına ciddi zərbə kimi qəbul edilməlidir. Qərb Azərbaycana Rusiya enerji mənbələrinin əvəzedicisi kimi baxır. Bu baxımdan Azərbaycanın təhlükə altına düşməsini istəmir”.

Qeyd edək ki, fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyev ilə rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin aktual məsələləri, xüsusilə də ticarət-iqtisadi sahədə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.

Fevralın 25-də də İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı prezidentlər ABŞ və Rusiya arasında Suriyada döyüşlərin dayandırılmasına dair atəşkəs planı haqda fikir mübadiləsi aparıblar.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti