Sabiq deputata görə 6 iş adamı azadlığa buraxılıb
Bankın "Nəqliyyat" filialının keçmiş direktoru Kənan Orucov isə azadlığa buraxıldı. Məhkəmə onun barəsində seçilmiş həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi.
Bir neçə gün əvvəl isə Nərimanov rayon Məhkəməsinin qərarı ilə “Azerbaijan Consalting Group” MMC-nin rəhbəri, türkiyəli iş adamı Erhan Cavad Yavuz və digər bir neçə nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb. Erhan Cavad Yavuzun həbs müddəti Nərimanov rayon Məhkəməsinin qərarı ilə daha 3 ay artırılıb”.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı ilə bağlı başlanılan cinayət işi üzrə 30-dan çox şəxs həbs edilib. Cinayət işi üzrə saxlanılan şəxslərdən 6 nəfəri barəsində seçilmiş həbs qətimkan tədbiri ötən ilin dekabr ayında Nərimanov rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı ilə əvəz edilib.
APA-nın əldə etdiyi məlumata görə, həmin şəxslər keçmiş deputat, "Globus Plaza"nın sahibi Dünyamin Xəlilovun həbsindən sonra azadlığa buraxılıblar.
Belə ki, D. Xəlilov həbs olunduqdan sonra istintaq orqanına verdiyi ifadəsində “Xəzər Menecment Sistem” şirkətinin həbsdə olan rəhbəri Adil Mikayılov və digər 5 nəfərin təqsirinin olmadığını bildirib. Onun ifadəsindən sonra prokurorluq orqanı Adil Mikayılov və digər beş nəfərin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatətlə məhkəməyə müraciət edib. Məhkəmə vəsatəti təmin edərək həmin şəxsləri azadlığa buraxıb. Onlardan başqa yerə getməmə haqqında iltizam alınıb.
Onu da qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin sabiq sədri Cahangir Hacıyev də həbsdədir. Onun barəsində ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C. Hacıyev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham olunur.