`Qadınlar mənə lağ edirdilər` - Çingiz Ukraynanı ağlatdı
“Mən balaca Azərbaycan kəndində böyümüşəm. Orada yaşamaq çətin idi. Orada qaz, işıq, internet yox idi. 13 yaşım olanda atam vəfat etdi. Mən İncəsənət gimnaziyasına daxil olmaq istəyirdim. Orada oxumağım üçün anam sonuncu qızıl üzüyünü, sırğasını satdı. Xatırlayıram ki, anam mənim çox istədiyim gitaranı mənim üçün almışdı. Kişilər mənim gitarada ifa etməyimi yaxşı qarşılamırdılar. Qonşu qadınlar mənə lağ edirdilər.
Bütün bunlara baxmayaraq, mən gitarada ifa etmək istəyirdim. Anam məni dəstəkləyir, mənə inanırdı”, - deyə həmyerlimiz çıxışından əvvəl promo rolikdə bildirib.
Gənc ifaçının çıxışı səhnədə kiçik bir insidentlə yadda qalıb – o, gitarada ifa edərkən musiqi alətinin simi qırılıb. Lakin Çingiz özünü itirməyərək, mikrofona “bu ki, şoudur” deyib.
Daha sonra şounun orkestrindən digər bir gitaraçının müşayiəti ilə Çingiz mahnını sonadək başa çatdırıb.
Bütün jüri üzvləri – Tina Karol, İvan Dorn, Svyatoslav Vakarçuk, Aleksey Potapenko gənc müğənniyə tərəf çevrilib və onun ifasına heyran olduqlarını bildiriblər.
Çingiz isə özünə müəllim kimi Svyatoslav Vakarçuku seçib.
Eldar Tanrıverdiyev
AzVision.az