`Emin Ağalarovu görmək istəyirəm` - 15 yaşlı `çempion`

`Emin Ağalarovu görmək istəyirəm` - 15 yaşlı `çempion`
  29 Fevral 2016    Oxunub:68314
Xəbər verdiyimiz kimi, Rusiyanın “Birinci kanal”ında yayımlanan “Qolos. Deti” (“Uşaq səsi”) şousuna qatılan 15 yaşlı azərbaycanlı Azər Nəsibovun çıxışı tamaşaçıları heyran qoyub.
Həmyerlimiz məşhur “Scorpions” qrupunun “Maybe İ Maybe You” mahnısını ifa edib. Gənc azərbaycanlının ifası zalda anşlaqa səbəb olub.

Dostları arasında “Çempion” ləqəbi ilə tanınan 15 yaşlı Azər uşaqlıqdan sevdiyi Pelageyanın komandasını seçib.

Azər Nəsibov AzVision.az-a müsahibəsində yarışdakı uğurlu ifasından və gələcək planlarından söz açıb:

- “Qolos. Deti” (“Uşaq səsi”) şousunda çıxışım çox uğurlu alındı. İfamın bu qədər seviləcəyini gözləməzdim. Həmin ifadan sonra Azərbaycandan mənə zəng edib, təbrik edirdilər. Buna çox sevinirəm.

Azərbaycan mənim vətənimdir. Doğma torpağımı çox sevirəm. Sevinirəm ki, vətənimdə mənim uğurum sevinclə qarşılanıb. Saytlar, qəzetlər məndən yazdı, dəstək oldular.



- Çıxışın azərbaycanlı gəncin Rusiyada böyük qələbəsi kimi qiymətləndirildi. Bu sənin üçün çətin olmadı ki?

-Münsiflərə azərbaycanlı olduğumu deyəndə təəccübləndilər. Bundan sonra məndən Azərbaycan mahnısı ifa etməyimi istədilər. Həmin vaxt dahi sənətkar Müslüm Moqamayevin “Azərbaycan” mahnısı yadıma düşdü və bu mahnını oxumağa başladım. İfam bütün münsiflərin, tamaşaçıların xoşuna gəldi.

Müslüm Moqamayevin ifalarını çox sevirəm. O, mənim kumirimdir. Bu ifadan sonra müsiflər verilişin redaktorlarına zəng edib, məni bəyəndiklərini və dəstəklədiklərini söyləyiblər.

- Hazırda 15 yaşın var. Gələcəklə bağlı planların nədən ibarətdir?

-Gələcək üçün böyük planlarım, arzularım var. Müslüm Maqomayev kimi böyük sənətkar olmaq istərdim. Bu, mənim ən böyük arzumdur. Bütün dünyada məşhur olmaq, ölkəmi tanıtmaq eşqi ilə yaşayıram.

Emin Ağalarovun ifalarını da bəyənirəm. Onun bütün mahnılarını sevə-sevə dinləyirəm. Etiraf edim ki, Emin Ağalarovla görüşmək istəyirəm. Onunla canlı üz-üzə gəlmək, həmsöhbət olmaq arzusundayam. Dima Bilan da çox istəyirəm.



- Müğənni olmaq fikrinə ailənin münasibəti necədir?

- Ailəm seçimimi dəstəkləyir. Onlar da müğənni olmağımı istəyirlər. Mən nə hüquqsünas, nə həkim, nə müəllim, nə də bazarda satıcı olmaq istəyirəm. Ən böyük arzum müğənni olmaqdır.

Yaşım az olsa da üzərimdə işləyirəm. Polad Bülbüloğlu, Sevil və Sevinc bacıları, Azərbaycanı “Eurovision”da təmsil edən Dilarə Kazımova və Fərid Məmmədov, Eldar və Nigar Camala da qulaq asıram. Onlar kimi Azərbaycanı “Eurovision”da təmsil etmək istəyirəm.



Hafiz Əhmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti