Prezidentdən sərəncam - Bütün əmanətlər sığortalanacaq

Prezidentdən sərəncam - Bütün əmanətlər sığortalanacaq
  01 Mart 2016    Oxunub:4279
Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 101 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3il müddətində tam sığortalanır.

Qorunan əmanətçilərin bu qanunun qüvvəyə mindiyi günə bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan banklarda mövcud olan və illik faiz dərəcələri Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının müəyyən etdiyi illik faiz dərəcəsi həddindən yuxarı olan əmanətləri həmin əmanətçilərin müraciəti əsasında müddəti qurtarmamış əmanət müqavilələrində bu qanunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq müvafiq dəyişikliklər edilməklə tam sığortalanır. Qanunun 4.1-ci maddəsinə müvafiq olaraq müddəti qurtarmamış əmanət müqavilələrində dəyişikliklər edildikdə, dəyişikliklər edildiyi günə qüvvədə olan müqavilənin şərtlərinə uyğun olaraq faizlər tam məbləğdə hesablanıb əmanətçiyə ödənilir.

Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.

Bu qanunun 3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdən sonra tam sığortalanmış əmanətlər üzrə kompensasiyaların həcmi “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsinə əsasən müəyyən edilir.

Əmanətçilərin Əmanətlərin Sığortalanması Fondu və iştirakçı banklarla münasibətləri, habelə bu Qanunun tələbləri nəzərə alınmaqla tam sığortalanmış əmanətlər üzrə kompensasiyanın ödənilməsi qaydası, həmçinin ictimaiyyətin məlumatlandırılması məsələləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

AzVision.az


Teqlər:  





Xəbər lenti