Prezidentin sərəncamına ekspertdən operativ şərh

Prezidentin sərəncamına ekspertdən operativ şərh
  01 Mart 2016    Oxunub:3117
“Əmanətlərin tam sığortalanması və onların vergidən azad edilməsi düzgün addımdır”.
AzVision.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Samir Əliyev prezident İlham Əliyevin əmanətlərin tam sığortalanması haqqında qanunu təsdiq etməsinə münasibət bildirərkən deyib.

S.Əliyev bildirib ki, son aylar əhalinin banklara və milli valyutaya etibarının azalması ona gətirib çıxartdı ki, kütləvi şəkildə əmanətlər ya dollarlaşdı, ya da banklardan çıxarıldı: “Vəziyyətin belə davam etməsi, üstəgəl Maliyyə Nazirliyinin dövlətin adından çıxış edərək yüksək, azqala bank faizləri ilə rəqabət aparacaq faizlə istiqraz buraxması əmanət bazarının cəlbediciliyini azaltmaqla yanaşı bank sektorunu çətin vəziyyətə salırdı. Ona görə də indiki məqamda əmanətlərin 3 illik olsa da tam sığortalanması düzgün addımdır”.

Ekspertin sözlərinə görə, əmanət faizlərinin vergidən müvəqqəti azad edilməsi müsbət addımdır və 2015-ci ildə atılmış səhv addımın düzəldilməsi kimi qiymətləndirilməlidir: "Əlbəttə bu addımlar indiki problemi həll etməyə yönəlib, amma gələcəkdə əmanət bazarının inkişafı və bankların dayanıqlığına dəstək məqsədilə paralel bir sıra addımların atılması vacibdir:

1. Manat və dollar əmanətlərinin (yeni yerləşdiriləcək) sığortalanma faizi fərqlənməlidir. Manat əmanətlərinin sığortalanma faizi 15%-ə qaldırılmalı, dollar (avro) əmanətlərinin sığortalanma faizi isə 8%-ə endirilməlidir.

2. Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının illik faiz dərəcələri əmanətlərin faiz dərəcələrindən aşağı endirilməlidir.

3. Əmanət bazarında faiz artımının qarşısını almaq üçün yaxşı olardı sığorta haqlarının məbləği əmanətlərin illik faiz dərəcələrindən asılı edilməlidir. Yəni cəlb edilmiş əmanətlərin illik faiz dərəcələri artdıqca sığorta haqlarının məbləği də artırılmalıdır.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 101 VQ nömrəli Qanununun tətbiqi barədə sərəncam imzalayıb.

Qanunun məqsədi qlobal iqtisadiyyatda baş verən proseslər fonunda ölkədə maliyyə sabitliyini qorumaq, bank sisteminin dayanıqlığını təmin etmək, əmanətçilərin bank sisteminə etibarını gücləndirməkdir. Bu qanun qüvvəyə mindiyi gündən etibarən faizləri “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.20-ci maddəsinə müvafiq olaraq Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurası tərəfindən əmanətlər üzrə müəyyən edilmiş illik faiz dərəcəsi həddində olan bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılığa (lisenziyaya) malik olan Fondun iştirakçı bankları tərəfindən 3il müddətində tam sığortalanır.

AzVision.az


Teqlər:  





Xəbər lenti