Elman Rüstəmovun dediyi və bugünkü mənzərə...

Elman Rüstəmovun dediyi və bugünkü mənzərə...
  02 Mart 2016    Oxunub:8370
“Mərkəzi Bank sədrinin “devalvasiya olmayacaq, auksionlarda tələb və təklifin təsiri altında manat möhkəmlənir” açıqlamalarından sonra ötən günlərdə manatın dollara nisbətən dəyər itirməsi qeydə alınmağa başlayıb. Belə ki, bu açıqlama verilən gün dolların manata məzənnəsi 1.5624 idisə, növbəti iş günü manat ucuzlaşaraq 1.5655-ə düşdü”.
AzVision.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov bildirib. Ekspertin fikrincə, martın ilk günləri manat üçün uğurlu keçmir.

“Milli valyutamız dəyər itirməkdədir. Belə ki, martın 1-də əvvəlki günlərə nisbətən ucuzlaşan manat 1.5687-ə təklif edildi. Bu gün isə manat yenidən dəyər itirərək 1.5764-dək düşüb. İnkişaf etmiş ölkələrdə Mərkəzi Bankların pozitiv açıqlamalarından sonra milli valyutalar möhkəmlənsə də, bizdə tamamilə əksi baş verir. Valyuta bazarımız Mərkəzi Bankın açıqlamaların fərqli reaksiya verir və milli valyuta dəyər itirir. Dolların son günlər dünya bazarına möhkəmlənməsi də manata təzyiqi artırıb.

Belə ki, son 1 həftədə dollar avroya nisbətən 4 faizə yaxın möhkəmlənib. Dolların möhkəmlənməsi bivalyuta səbətinə malik olan Azərbaycanda milli valyutanın dəyər itirməsinə səbəb olur. Auksionlarda da dollara tələbin artması müşahidə edilir. Ötən həftə dollar tələbini ödəyə bilməyən və buna aydınlıq gətirməyən Mərkəzi Bank əslində manatın ucuzlaşmasına şərait yaratdı. Məhz həmin auksiondan sonra manatın ucuzlaşması davam etməkdədir”.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov Azərbaycanda üçüncü devalvasiyanın gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, MB ölkənin valyuta bazarına nəzarət edir və hazırda növbəti devalvasiya üçün zəmin yoxdur.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:





Xəbər lenti