XİN-dən Qarabağı talayanlarla bağlı hesabat

XİN-dən Qarabağı talayanlarla bağlı hesabat
  02 Mart 2016    Oxunub:1351
Azərbaycan Xarici İşlər Nazirliyi "Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyət" adlı hesabat hazırlayıb.
AzVision.az-ın məlumatına görə, bununla bağlı mətbuat konfransı keçirən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, hesabatda qanunsuz iqtisadi fəaliyyət, işğal edilmiş ərazilərə köçürülmə, Dağlıq Qarabağın təbii resurslarından qanunsuz istifadə və s. məsələlər əks olunub. Onun sözlərinə görə, yeddi hissədən ibarət sənəddə Ermənistanın açıq resurslarından toplanmış məlumatlar əks olunub:

“Giriş hissəsində bu məsələ barəsində və hesabatın hazırlanmasında istifadə olunan metodologiya haqqında məlumat verilir. İcmal hissəsində hesabatın gəldiyi nəticələr təqdim olunur. Daha sonra Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı, Ermənistanın gəlir əldə etmək məqsədilə işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər aparması, Azərbaycan ərazilərinin işğalının davamı və bu ərazilərdə qeyri-qanuni fəaliyyətlərlə əlaqədar Ermənistanın öhdəliyi və məsuliyyəti, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qeyri-qanuni işğalı və ilhaqı cəhdlərinin dərhal dayandırılması üzrə təxirəsalınmaz tədbirlər kimi bölmələr var”.

H. Hacıyev qeyd edib ki, dəlillər göstərir ki, Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin işğal olunmuş hissəsi boyunca təbii sərvətlərin qeyri-qanuni daşınması həyata keçirilir və Azərbaycanın işğal altındakı ərazilərində qanunsuz istehsal olunmuş məhsulların, eləcə də minerallar və digər sərvətlərin həmin ərazilərdən beynəlxalq bazarlara daşınması üçün Ermənistan nəqliyyat məntəqəsi rolunu oynayır.

Diplomat əlavə edib ki, Ermənistanın həyata keçirdiyi siyasət və təcrübə onun açıq-aşkar Azərbaycan ərazilərinin işğalının möhkəmləndirilməsi və hərbi qüvvələr tərəfindən işğal edilmiş və kütləvi şəkildə etnik təmizləmə aparılmış həmin ərazilərin ilhaqının təmin edilməsi niyyətini sübut edir:

“Ermənistan tərəfinin bu hərəkətlərinə qarşı adekvat beynəlxalq reaksiyanın olmaması yalnız onun cəzasızlıq və özbaşınalıq hisslərinin artmasına yardım edir. Bu baxımdan Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistanı üzərinə götürdüyü beynəlxalq öhdəliklərə tam riayət etməyə, dərhal həm ermənilərin, həm də xarici vətəndaşların işğal olunmuş ərazilərə köçürülməsini, Azərbaycanın işğal olunmuş ərazilərində iqtisadi və ticarət fəaliyyətini dayandırmağa və gələcəkdə belə fəaliyyətlərdən çəkinməyə, həmin ərazilərdəki arxeoloji, mədəni və dini abidələr daxil olmaqla, mədəni irs nümunələri və müqəddəs yerlərin dağıdılması və talan edilməsini dayandırmağa məcbur etməyə çağırır.

Azərbaycan beynəlxalq ictimaiyyətin bütün üzvlərini Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərində hər hansı qeyri-qanuni fəaliyyətin həyata keçirilməsi və onda iştirak daxil olmaqla, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əleyhinə öz ərazilərində hər hansı fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilən fəaliyyətin milli qanunvericilik imkanları nəzərə alınmaqla, qarşısını alacaq effektiv tədbirlər görməyə çağırır”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti