`İlham Əliyev Azərbaycan mediasından razıdır`- Əli Həsənov

`İlham Əliyev Azərbaycan mediasından razıdır`- Əli Həsənov
  11 İyul 2013    Oxunub:1241
“Hakimiyyətə qarşı mübarizə aparmaq fonunda dövlətə qarşı mübarizə aparırlar. “Azadlıq” qəzeti hakimiyyətə opponent olan siyasi partiyalardan birinin maliyyələşdirdiyi bir orqandır”.

AzVision.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Jurnalistlərin bu gün keçirilən VI qurultayında çıxışı zamanı deyib.

O vurğulayıb ki, cəmiyyətdə yaxşı nə varsa insanlar çalışır ki, onu özünə çıxsın, pis nə varsa onu da dövlətə aid edirlər:

“Şiməmməd Hüseynov Azərbaycan mediasında öz dəsti-xəttini qoymuş, xidmətini göstərmiş bir adamdır. Onun media və vətəndaşlıq məsələsini qoyması sözün həqiqi mənasında məni çox sevindirdi. Bəzən hakimiyyəti tənqid etmək əvəzinə dövləti tənqid edirlər. “Azadlıq” qəzeti fəaliyyətə bir partiyanın orqanı kimi başlamayıb axı. Bu qəzet Azərbaycanın müstəqilliyi dövründə fəaliyyətə başlamış və insanların həddən artıq dövlət və dövlətçiliklə bağlı gözləntiləri olan mətbuat orqanıdır”.

PA rəsmisi Azərbaycan qəzetlərinin xarici mətbuatda yayımlanan yazıları tərcümə etməysinə də münasibət bildirib: “Dünyanın hansı ölkəsində Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı nə yazılırsa dərhal bu günkü iqtidarı vurmaq anlamında bu qəzetin səhifələrində tirajlanır, bir azda yaxşı şeylər silinərək redaktə olunur. Dəfələrlə bunu sübut etmişik. Azər Həsrət onların tərcüməsində sözün həqiqi mənasında təhrifləri çıxardı. Azərbaycanda keçmişdə fəaliyyət göstərmiş diplomatlar var. Bunların hamısı diplomat deyil, onların içərisində müəyyən xüsusi orqanların nümayəndələri də var, ayrı-ayrı məqsədlərlə Azərbaycana gələn insanlar da var. Bunlar diplomatik fəaliyyətlərini başa vurandan, yaxud yarımçıq hansısa səbəblərdən işdən uzaqlaşdırılandan sonra bəzi hüquq müdafiə təşkilatlarının tərkibində fəaliyyətini davam etdirirlər. Onlar Əl-Cəri, Türkiyə mətbuatında yazır. Onların anti-Azərbaycan fəaliyyəti olduğu kimi bir az da şişirdilərək qəzetlərimizin səhifəsinə daşınır”.

Ə.Həsənov vurğulayıb ki, bunda məqsəd iqtidarı vurmaqdır: “Bu iqtidar bu gün var, sabah yox. Sabah hər birimiz yerimizi dəyişə bilərik. Bu gün iqtidarda olan müxalifətdə, müxalifətdə olan iqtidarda ola bilər. Amma bu dövlət bizimdir. Niyə imkan veririsiniz ki, xarici xüsusi-xidmət orqanın maliyyələşdirdiyi orqanda Azərbaycan əleyhinə yazı gedir, onu dərc edirsiniz. Hamı bilir ki, Əl-Cəzirə kimindir, onun sifarişləri hardan gəlir?”.

PA rəsmisi qeyd edib ki, jurnalistin ilk vəzifəsi hadisə haqqında məlumat verməkdir, onun qavranmasına kömək etməkdir: “Jurnalist eyni zamanda ölkə vətəndaşı, sosial təbəqənin nümayəndəsidir. Sənət peşənin də tələbləri təbii qalmalıdır. Bəzən jurnalistikada hakimiyyətlə dövlətin maraqlarını bir-birindən ayırd edilə bilməməsidir. Bunun nəticəsidir ki, erməni mətbuatı bizim məlumatları sadəcə tərcümə edir və dünyaya yayır ki, baxın budur Azərbaycan”.

Ə.Həsənov mətbuatda ölkə prezidenti haqqında yazılan yazılardan da danışıb: “Yazırlar ki, İlham Əliyev böyük sıxıntılar məngənəsindədir və təqdir edirlər ki, Xəzər Cənubi Qafqaz höfzəsinə Qərb şirkətlərinin müstəqil surətdə gətirməsi, Azərbaycanın maraqlarını həyata keçirərkən ayrı-ayrı qonşu dövlətlərlə, beynəlxalq güclərlə hesablaşmaması ona gətirib çıxarıb ki, bu gün sabah onu hakimiyyətdən salacaqlar. Biz cəmiyyəti yönəltmək missiyasını daşıyan media orqanı belə yazırsa, onda başqasın nə gözləyək? Siyasi partiya sədri yeri gəlsə onu deyə bilər. Halbuki o da deməməlidir. Çünki o da sabah İlham Əliyevin oturduğu postda oturub həmin situasiya ilə rastlaşa bilər. İlham Əliyevin təlqin etdiyi maraq dövlətin marağıdır. Dövlətin marağını güzəştə gedəndə əlbəttə istəsə bu gün öz hakimiyyəti xətrinə istənilən beynəlxalq güclə sazişə gedə, başqa dövlətin maraqlarını təmin edərək öz hakimiyyətinə münasibəti dərhal dəyişə bilər. Amma ortada dövlət, vətən və onun maraqları var”.

PA rəsmisi “Jurnalistlərə hörmət və ehtiramımızı izhar edərək, əlbəttə bu gün bizim də səhvlərimiz var, bu günkü hakimiyyətə qədər müsbət yanaşan ikinci hakimiyyət indiyədək görməmişəm”- deyə vurğulayıb. O əlavə edib ki, hər halda srağagün bəyanat verənlər, bizi əvəzləməyə çalışanlar vəd edir ki, fərqli düşünənlərin ağzından vuracaq, öz də özü vurub cəriməsini də özü verəcək:

“Deyib, ya deməyib? Deməyibsə deyin mən səhv deyəcəm. Deyir ki, özüm fərqli düşünənlərin, xüsusən də bu iqtidarı müdafiə edənlərin ağzından vuracam, məsuliyyətini daşıyacam. Məsuliyyət ağzından vurmağa görə min manat cərimədir. Deməli, vuracaq, büdcədən min manat götürüb verəcək. Ayıb deyilmi? Həmin qəzetlər də belə adamı təbliğ edir. Gəlin, layiqli namizədi təbliğ edək! Öz hisslərini idarə edə bilməyən, qisasçılıq zəminində hakimiyyətə can atan, mənə onu vermədilər, görərlər nə edərəm, 3 il bundan qabaq dediklərini danan, indi tamam fərqli mövqedədir. Özü də hamı bilir ki, niyə belə edir. O adama vermədiklərimizi versək, dəyişəcək əlbəttə. 20 ildir bu müxalifət hakimiyyət gözləyir. Bircə günün içərisində namizədliyi bir adama verdilər ki, gəl hakimiyyətə gəl, biz də görək neyləyirik. Belə müxalifətçilik olar qardaş? Onlar özləri bilər kimə missiyalarını verərlər. Müxalifətin vəzifəsi hakimiyyət uğrunda sağlam mübarizə aparmaqdan ibarətdir. Müxalifət hakimiyyət uğrunda mübarizəsini dayandırdığı gün istefa verməlidir və elan etməlidir ki, bu partiya artıq yoxdur. Gözləyək kimsə gəlsin hakimiyyəti bu iqtidardan alıb versin bizə sonra özümüz paylaşarıq. Kim gəlir məqbuldur. Missiyaya baxın. Hətta Azərbaycanın əleyhinə işləyən qüvvələr gəlsin, İlham Əliyevdən hakimiyyəti alıb versin”.

Sonda Əli Həsənov “Azərbaycan mediasından bütövlükdə razıyıq, cənab prezident də razıdır – deyə əlavə edib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti