Dövlət banklara kömək edəcək

Dövlət banklara kömək edəcək
  04 Mart 2016    Oxunub:2479
Azərbaycanın bank sektorunda yaranmış problemlərin həlli məqsədi ilə yeni mexanizmin tətbiqi təklif olunur.

AzVision.az xəbər verir ki, bu barədə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı Milli Məclisin plenar iclasında çıxışı zamanı deyib.

İşçi qrupunun rəhbəri bildirib ki, bu mexanizm 3 mühüm elementi özündə əks etdirir:

“Bu, sistem əhəmiyyətli bankların sağlamlaşdırılması, bankların likvidlik problemləri və ümumi sistem xarakterli risklərin həll olunmasıdır. İlk növbədə sistem əhəmiyyətli bankların xüsusi tənzimləmə mexanizmi müəyyən olunacaq. Əgər onlar müəyyən problemlə üzləşərsə, hökumət və Mərkəzi Bankın köməyi olacaq.

İkincisi sistem əhəmiyyəti daşımayan orta və kiçik banklarda qısa müddətli likvidlik problemi yarana bilər. Bu zaman Nəzarət Palatası həmin banklara qısamüddətli likvidliyi təmin etmək üçün Mərkəzi Bankın İdarə Heyətinə müraciət edəcək. İdarə Heyəti 2 gün müddətində təklifə baxaraq, araşdırdıqdan sonra qərar verəcək. Əgər mənfi qərar verərsə, hökumət həmin bankların dayanıqlığını təmin etmək üçün əlavə tədbirlər görəcək.

Üçüncüsü, sistem xarakterli problemlərlə əlaqədar maliyyə sistemində çox sayda institutlarda problem varsa, Palata hökumətə müraciət edəcək və hökumət Maliyyə Nazirliyi qismində, Mərkəzi Bank və Palata birlikdə sistem problemlərin dərinliyini müəyyən edəcək. Hər bir hala uyğun konkret sağlamlaşdırma proqramı hazırlayacağıq”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti