`Delimitasiya məsələsi gündəlikdən çıxmalıdır` - Gürcü nazir

`Delimitasiya məsələsi gündəlikdən çıxmalıdır` - Gürcü nazir
  07 Mart 2016    Oxunub:2131
“Biz SOCAR və Gürcüstan Energetika Nazirliyi arasında Azərbaycandan olan tədarük olunan qazın həcminin artırılması ilə bağlı əldə olunan razılaşmanı alqışlayırıq”.
AzVision.az xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Mixail Canelidze Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, əməkdaşlığın ən vacib sahələrindən birinin enerji sahəsidir:

“Bizim ölkədə son illər qaza tələbat artıb. Azərbaycan da strateji tərəfdaş kimi nəql etdiyi təbii qazın həcmini artırmağa razılıq verdi, müvafiq saziş imzalandı. Enerji haqqında danışanda qeyd etməliyik ki, bu il Bakı-Supsa layihəsinin 20 illiyidir. Bu layihə bir neçə strateji layihənin əsasını təşkil edib”.

Nazir Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində də əlamətdar hadisələrin baş verdiyini bildirib: “Biz bu layihə çərçivəsində də uğurlu əməkdaşlıq edəcəyik. Həmçinin bu əməkdaşlıq nəqliyyat sahəsində də inkişaf edəcək. Bakı-Tbilisi-Qars layihəsi əlavə imkanlar yaradacaq. Bu əməkdaşlığın nəticəsi olaraq yeni yol açılacaq. Bu isə region, ölkələr və özəl sektor üçün faydalı təcrübə olacaq. Biz regionun beynəlxalq səviyyədə təşviq olunması sahəsində də əməkdaşlığı davam etdirəcək, ölkələrimizin imicini daha gücləndirmiş olacağıq”.

Tərəflər arasında yüksək səviyyəli səfərlər çox əhəmiyyətlidir detən nazir qeyd edib ki, gömrük qurumları arasında əməkdaşlığın dərinləşdirilməsi vacibdir:

“Bu, nəqliyyat koridorunda vacib şərtdir. Dövlətlərarası iqtisadi komissiyanın görüşünə hazırlıqlar da başa çatmaqdadır. İclasda müzakirəyə çıxarılacaq mövzular ətrafında danışıqlar gedir. Bir sıra sənədlər imzalanmalıdır. Ümid edirik ki, komissiyanın iclasında bu sənədlər imzalanacaq”.

Azərbaycanın GUAM-dakı fəaliyyətinə dəstək verməyə hazır olduqlarını bildirən nazir ölkələrimizin biri-birinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını vurğulayıb: “Dost və əməkdaşlıq əlaqələrinin genişlənməsinə töhfə verməliyik. Delimitasiya məsələsi də artıq gündəlikdən çıxmalıdır. Ümid edirəm ki, gələn görüşə kimi delimitasiya məsələsini həll etmiş olacağıq”.

Gürcü həmkarı ilə həmfikir olan Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesindəki son vəziyyət barədə həmkarına məlumat verdiyini söyləyib:

“Həmkarım isə Cənubi Osetiya və Abxaziya məsələləri barədə məni məlumatlandırdı. Azərbaycan tərəfi hər görüşdə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ məsələsini müzakirə edir, mövqeyini bildirir. Mövqeyimiz isə ondan ibarətdir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü suverenliyi və sərhədlərin toxunulmazı çərçivəsində həll olunmalıdır”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti