AzVision.az-a açıqlama verən din xadimi İbrahim Nehrəmlinin davranışlarının dinə zidd olduğunu bildirib.
“Belə fikirləri Həccə təsadüfi getmiş adamlar deyə bilər. İstər dindar olsun, istər adi vətəndaş kazinoların sivil cəmiyyətimiz üçün çirkin əyləncələri aşılayan yer olduğunu bilərək bu təklifi verməsi kökündən yalnışdır. Bunu Həccə getmiş insanın deməsi ümumiyyətlə yersizdir. Hacı İbrahim Nehrəmli biznesmendir. Onun dindan qətiyyən anlayışı yoxdur. Sadəcə pulu var, ziyarətə gedib, indi hamı ona hacı deyir.

Mən şəxsən onu dindar kimi qəbul etmirəm. O, necə dindar ki, içki içir, harama dəstək olur? Problem ondadır ki, kimin pulu varsa, namazı, Quranı bilmədən cəmiyyətdə seçilmək üçün Həcc ziyarətinə gedir. İnsanlar da həmin şəxsə hacı deyə müraciət edərək, dindar kimi tanıyırlar. Əslində bu doğru yanaşma deyil. İnsanlar var ki, Həcc ziyarətində alver üçün, ad qazanmaq üçün gedir. Yəqin İbrahim Nehrəmli də onlardan biridir”-deyə dindar vurğulayıb.
Qeyd edək ki, millət vəkili Qüdrət Həsənquliyev ölkədə kazinoların açılması ilə bağlı təklif irəli sürüb. Tanınmış iş adamı Hacı İbrahim Nehrəmli deputatın təklifini dəstəkləyərək, kazinolar açılarsa ölkəyə milyardlər qazandıracağını bildirib.
Gültəkin Ələsgər
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


