Neft hara qədər qalxa bilər? – TƏHLİL

Neft hara qədər qalxa bilər? – TƏHLİL
  09 Mart 2016    Oxunub:34194
Son günlər dünya birjalarında neftin qiymətinin sıçrayışla bahalaşması gəlirləri bilavasitə “qara qızıl” ixracından asılı olan ölkələr üçün sevindirici faktdır. Çünki bazarda izafi məhsulun olduğu, İranın iri addımlarla bazara girdiyi, qlobal iqtisadiyyatda olduqca zəif ab-hava və durğunluğun hökm sürdüyü durumda bu, sözün əsl mənasında möcüzədir.

Odur ki, indi də “bahalaşma nə qədər davam edə bilər” deyə, əks suallar yaranıb. Belə ki, martın ilk həftəsi ərzində “Brent” markalı neftin birdən-birə 2015-ci ilin dekabrından sonra ən yüksək həddə çatması böyük ümid qığılcımları yaradıb. Sual yaranır ki, ucuzlaşma bitdimi?

Bəri başdan qeyd edək ki, heç nə daimi deyil. Ucuzlaşmanın da, bahalaşmanın da bir həddi var. Odur ki, heç nə bitməyib.

Bu və ya digər suallara cavab tapmaq üçün ilk növbədə bahalaşmanın səbəblərini araşdırmaq lazımdır. Bu səbəblər sırasına isə əsas etibarilə sayca 3 amil daxildir. Birincisi, 2014-cü ilin iyun ayından bəri davam edən ucuzlaşma prosesi ərzində bir dəfə də olsun müşahidə edilməmişdi ki, hasilatçı ölkələr arasında tendensiyanı saxlamaq üçün müəyyən konsensus bir yana qalsın, adi fikir mübadiləsi və yaxud müzakirələr aparılsın. Ancaq ilk dəfə olaraq, bu ilin fevral ayının ortasında iri neft hasilatçıları olan Rusiya, Səudiyyə Ərəbistanı və bir sıra OPEK ölkələri arasında “dondurmaq” haqda söhbət və hətta razılaşma əldə olunduğu barədə məlumatlar ortaya çıxmağa başladı. Diqqət yetirin ki, özü də Rusiya və Səudiyyə Ərəbistanı arasında... Hansı ki, əvvəla bu vaxta qədər sonuncu sözügedən məsələ ilə bağlı həmişə Vaşinqton ilə məsləhətləşib, bu məsələdə onun yanında olub və onun diqtəsiylə durub-oturub, ikincisi də, real olaraq Suriya münaqişəsində bu iki ölkə, yəni Moskva ilə Ər-Riyad faktik olaraq üz-üzədirlər...

Bu, nəyi göstərir? Deməli, neftin qiymətinin “döşəmə həddi” artıq, çoxdan itib. Və ABŞ-ın dünya neft bazarında hegemonluğunun qarşısını almaq üçün necə deyərlər, qruplaşmaq lazımdır...

Hazırki bahalaşmaya zəmin yaradan ikinci amil isə ABŞ-da şirkətlərin investisiya imkanlarının hədsiz daralması ilə əlaqədar qazma qurğularının sayının kəskin azalmasıdır ki, bunun da təqribən, 400-ə çatdığı deyilir. İri neft şirkətlərinin isə qiymətin ucuz olması səbəbindən hələ keçən ilin əvvəllərindən itki verməyə başladıqları məlum məsələdir. Yəni, bu gün heç bir neft hasilatı ilə məşğul olan şirkət deyə bilməz ki, zərərlə işləmir.

Və ən nəhayət, üçüncüsü, bu arada belə bir məlumat da yayılıb ki, Rusiya qlobal neft hasilatının 3/4-nü əhatə edən yeni neft karteli yaratmağa hazırlaşır. Belə ki, ABŞ-ın məşhur “Business İnsider” xəbər portalı yazıb ki, Rusiya neft hasilatçısı olan ölkələr arasında hasilatı dondurmaq haqda qərardan sonra nüfuzunu artırıb və təsadüfi deyil ki, ABŞ-ın müttəfiqi olan Səudiyyə Ərəbistanını da öz tərəfinə çəkib. Çünki, Səudiyyə Ərəbistanının ABŞ-la münasibətləri, İrana görə pisləşib. Və İran ilə İraqla da müvafiq razılıq əldə olunsa, ROPEC adında Rusiya yeni kartel yaradılmasına nail olmaqla dünyanın əsas neft hasilatçısı ölkələrinin de-fakto liderinə çevriləcək və dünya üzrə neft hasilatının 70%-dən çox hissəsinə nəzarəti ələ alacaq.

Təbii ki, bu, hələ ehtimaldır. Lakin xəbər bazara psixoloji təsirini göstərməlidir və göstərir. Ümumiyyətlə, bütün fərziyyə və ehtimalları qoyuruq bir kənara: neftin son qiymət sıçrayışı bir daha təsdiq edir ki, "qara qızılın" tarifini bazar şərtləri müəyyən etmir. Bu əslində, faciədir... Amma sözümüz bunda deyil.

Biz, ötən il də qeyd etmişdik ki, neftin qiyməti haqda müxtəlif mülahizələr söylənilib, söylənilir və söyləniləcək. Bəziləri 1 barrelinin qiymətinin 10 dollara qədər enəcəyi haqda fikirlər də irəli sürürdülər. Və bu zaman, 80-ci illərdə qiymətin 10 dollara qədər düşdüyünə istinad edilir. Düzdür, belə hallar olub. Lakin dolların həmin illərdəki alıcılıq qabiliyyəti ilə indiki arasında fərq var. Ona görə də, qiymət bu ilin əvvəlində 30 dollardan aşağı düşəndə də yazdıq ki, neftin nominal ifadədə nəinki 20 dollardan aşağıya, 20 dolların özünə düşəcəyi ehtimalına belə, inanmırıq.

Əslində, neftin qiymətinin “döşəmə həddi” qlobal iqtisadiyyatın bugünkü tələbləri baxımından 40 dollar təşkil edir. Və xatırladaq ki, keçən il bütün təzyiqlərə baxmayaraq, uzun müddət həmin həddi keçə bilmirdi də...

Amma ilin sonunda artıq, bu baş verdi. Nəyə görə baş verdi? Bir tərəfdən FES tərəfindən baza faiz dərəcəsinin artırılması ilə əlaqədar qərar verildi, digər tərəfdən 1975-ci ildən ABŞ-ın xam neftinin ixracına qoyulmuş embarqonun ləğvini nəzərdə tutan qanun lahiyəsi qəbul edildi. Həqiqət budur.

Ancaq bütün bunlara rəğmən, keçən il də proqnoz vermişdik, bu dəfə də onun üstündə dayanırıq ki, cari ildə neftin qiyməti orta hesabla hardasa 45-48 dollar arasında olacaq. Ola bilsin ki, müəyyən dövrlərdə qiymət 30 dollara qədər ensin. Lakin bötüvlükdə 2016-ci il ərzində neftin qiymtənin 40 dollardan yuxarı, hətta 45-48 dollar arasında olacağı gözlənilir. Çünki, bundan aşağı mümkün deyil – axı neftin də investisiya xərcləri var.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti