`AŞPA-nın qətnaməsi Ermənistanı təlaşa salıb`
“Bu dəfə AŞPA-nın yeni prezidenti Pedro Aqramunt Ermənistanın “həqiqət carçıları”nın hədəfinə tuş gəlib. Belə ki, P.Aqramunt fevral ayında Avropa Şurası Nümayəndələr Komitəsində çıxışı və martın əvvəlində Bakıya səfəri zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər ərazilərinin Ermənistan tərəfindən işğal edilməsini, Ermənistanın 20 ildən artıq müddətdə beynəlxalq normaları pozaraq Dağlıq Qarabağı və 7 ətraf rayonu işğal altında saxlaması faktını açıq şəkildə bəyan edib. P.Aqramuntun bu çıxışlarından sonra Ermənistan mediasında “AŞPA prezidentinin öz vəzifəsindən xəbərsiz olduğu” bildirilib və onun ünvanına əsassız təhqiredici ifadələr işlədilib.
Məntiqi sual ortaya çıxır: Nə üçün Ermənistan rəsmiləri, siyasətçiləri P.Aqramuntun bu çıxışlarını hədsiz dərəcədə qəzəblə qarşılayırlar?
Çünki AŞPA prezidenti Pedro Aqramunt 2085 (2016) saylı qətnamədə təsbit olunmuş “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və işğal edilmiş digər əraziləri” ifadəsini dəfələrlə istifadə etməklə, Ermənistanın beynəlxalq səviyyədə “toxunulmazlıq” limitinin tükəndiyini bildirib. Bununla da 1990-cı illərdən indiyədək Ermənistanın işğalçı dövlət kimi tanınmasının qarşısını almağa yönəlmiş siyasətin iflasa uğradığını bəyan edib. Bu, Ermənistan tərəfini təlaşa salan və onları narahat edən ən ciddi məsələlərdən biridir. Bundan əlavə, beynəlxalq qurumların rəhbərləri və yüksək səviyyəli səlahiyyətliləri sırasından ilk dəfə olaraq AŞPA prezidenti P.Aqramunt Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və digər ərazilərini işğal etməsini rəsmi şəkildə ictimaiyyət qarşısında bildirib. Məhz bu səbəbdən o, Ermənistan hakimiyyətinin, mediasının və siyasətçilərinin qəzəbinə tuş gəlib”.
Qeyd edilib ki, Ermənistan tərəfi AŞPA-da işğal faktını özündə təsbit edən sənədin qəbulunun ATƏT-in Minsk qrupunun fəaliyyətinə xələl gətirdiyini və problemlə yalnız Minsk qrupunun məşğul olmalı olduğunu bildirir. Çünki ATƏT-in Minsk qrupunun 22 il ərzində problemin həlli istiqamətində heç bir irəliləyiş əldə etməməsi, Ermənistanın işğalçılıq siyasətini “Dağlıq Qarabağ münaqişəsi” adı altında gizlətməsi birbaşa Ermənistanın maraqlarına xidmət edir.
Ermənistan tərəfi yeri gəldi-gəlmədi problemin sülh yolu ilə həll edilməli olduğunu və AŞPA-da qətnamə qəbul edilməsinin sülh prosesinə maneçilik törətdiyini bildirir. Çünki işğala son qoyulmasına, işğalçı Ermənistanın silahlı qüvvələrinin işğal zonasından geri çəkilməsinə çağıran bu sənədin problemin sülh yolu ilə həllinə mane olmadığını etiraf etmək onların uzunmüddətli strategiyalarını məhv edə bilər. Halbuki 2085 (2016) saylı qətnamə problemin sülh yolu ilə həllinə bir töhfədir.
Nəhayət, Ermənistana işğalçı damğasının vurulması bu ölkəni təlaş içərisində saxlayır. Bu ölkənin rəsmi təmsilçiləri hər vəchlə öz işğalçılıq əməllərini gizlətmək üçün “Dağlıq Qarabağ münaqişəsi” ifadəsinin saxlanılmasına və “Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər əraziləri” ifadəsinin gecikmiş də olsa, siyasi-ictimai, elmi dövriyyədə öz təsdiqini tapmasının qarşısını almağa çalışırlar.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


