Bakı Novruza necə hazırlaşır?

Bakı Novruza necə hazırlaşır?
  09 Mart 2016    Oxunub:2409
Martın 19-da Qız qalasının yanından başlayaraq Dənizkənarı Milli Park boyunca davam edəcək Novruz şənliyinə hazırlıq işləri sürətlə aparılmaqdadır.
Mədəniyyət və Turizm Nazirliyindən AzVision.az-a verilən məlumata görə, bu il də Novruzla əlaqədar teatr, konsert müəssisələrinin, bədii özfəaliyyət kollektivlərinin, muzeylərimizin, qalereyalarımızın iştirakı ilə geniş şəkildə hazırlıq işləri aparılır.

Novruz şənliyinə Dədə Qorqud xeyir-dua verəcək, Bahar qızı mərasim iştirakçılarını salamlayacaq. Kosa və Keçəllə bağlı səhnə, qaravəllilərdə və xalq dastanlarında olan qəhrəmanlar, nağıl obrazları bir araya gələcək.

Nazirlikdən onu da bildiriblər ki, teatrların aktyorları, rəqs kollektivləri, mahnı və xalq çalğı alətləri kollektivləri, rəqs qrupları, Xoreoqrafiya Akademiyasının tələbələri, Dövlət Uşaq Filarmoniyasının üzvləri və rayonlardan gələn ayrı-ayrı bədii özfəaliyyət kollektivləri də tədbirə böyük həvəslə hazırlaşırlar.

Novruz şölənində bölgələrimizi əhatə edən milli mətbəx nümunələri, rayonların kənd təsərrüfatı məhsulları, bayram adət-ənənələri nümayiş olunacaq, xalq tətbiqi sənət nümunələri sərgilənəcək. UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan xalçalarımız geniş təqdim olunacaq.

Mərasimdə çıxış edəcək muğam ifaçıları və aşıqlar, həmçinin digər musiqi qrupları da müəyyənləşib.

Novruz şənliyində bu il 17-19 iyun tarixində Bakıda keçiriləcək “Formula 1” üzrə Avropa Qran-pri mərhələsinə həsr olunmuş xüsusi stendlər də nümayiş etdiriləcək. Həmçinin ölkəmizdə yaşayan azsaylı xalqların adət-ənənəsini və özünəməxsusluqlarını ehtiva edən təqdimatlar “Multikulturalizm ili”nə töhfə olacaq.

Nazirliyin informasiya şöbəsinin müdiri Vüqar Şıxməmmədov AzVision.az-a bildirib ki, bu il Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə daha çox olacaq.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:





Xəbər lenti