Mərkəzi Bank `üzən məzənnə`dən imtina edir?

Mərkəzi Bank `üzən məzənnə`dən imtina edir?
  09 Mart 2016    Oxunub:4496
Azərbaycan Mərkəzi Bankının (AMB) 2015-ci il dekabrın 21-dən tətbiq etdiyi "üzən məzənnə" rejimindən imtina edəcəyi gözlənilir.
AzVision.az xəbər verir ki, məlumatı "Report" yayıb. Saytın analitik qrupu hesab edir ki, AMB-nin fevralın 24-dən etibarən manatı ucuzlaşdırmağa başlaması valyuta siyasətində dəyişiklik etməsi ilə izah oluna bilər. Belə ki, fevralın 24-də dolların rəsmi məzənnəsi 1,5593 AZN/USD olduğu halda, AMB sonrakı gün hərraca çıxardığı valyuta kütləsini 100 mln. dollardan 30 mln. dollara qədər azaldıb. Əvvəlki günlərdə isə hətta hərraca 200 mln. dollar çıxarıldığı da müşahidə olunub.

Qeyd edək ki, fevralın 24-də "Brent" markalı neftin qiyməti 33 dollar/barel təşkil edib. Bu gün isə "Brent" nefti 40 dollar/barelə satılır ki, bu da fevralın 24-nə nisbətən 21% çoxdur. Məhz fevralın 24-dən etibarən AMB-nin məzənnə siyasətini dəyişdirməsindən sonra daxili bazarda dollara tələbat artıb və bəzi günlərdə hərraca təklif olunan məbləği bir neçə dəfə üstələyib. Hazırda AMB yeni valyuta siyasətini davam etdirir və bu gün də hərraca Dövlət Neft Fondu AMB vasitəsilə 50 mln. dollar çıxarıb. Bugünkü hərracda tələbatın təklifdən bir neçə dəfə artıq olub və nəticədə, növbəti gün üçün rəsmi məzənnənin 1,6309 AZN/USD olacağı gözlənilir (bu gün 1,6228 AZN/USD-dir).

Manatın məzənnəsinin möhkəmlənməsi dövründə istədiyi effektə nail ola bilməyən AMB valyuta siyasətində dəyişiklik etmək məcburiyyətində qalıb: "Aydın olub ki, "üzən məzənnə" rejimi Azərbaycan reallıqlarına uyğun deyil. Çünki, insanlar gələcəkdə manatın məzənnəsinin proqnozlaşdıra bilmədiklərindən xarici valyutada vəsaitlərini qorumağa çalışır. Bu da real iqtisadiyyatın inkişafına mane olur. Manata inamın geri dönməsinin yeganə yolu isə AZN/USD məzənnəsinin sabitləşdirilməsidir. Bu zaman xarici valyutada yığımların manata geri dönəcəyi və banklara yatırılacağı şübhəsizdir. Nəticədə, banklar da manatla kreditləşməni bərpa edə bilər ki, bu da öz növbəsində iqtisadi artımı sürətləndirər".

Analitik qrup dolların rəsmi məzənnəsinin qısa müddətdə 1,85-2,10 AZN/USD diapazonuna çatacağını və müəyyən səviyyədə sabitləşəcəyini düşünür: "AMB-nin ən gec may ayının əvvəlində sabit valyuta məzənnəsi haqqında qərarını açıqlayacağı ehtimal edilir. Belə olarsa, artıq 2016-cı ilin ikinci yarısında ÜDM-də ciddi artım gözləmək olar".

AzVision.az


Teqlər:





Xəbər lenti