İlham Əliyev Monteneqro prezidenti ilə görüşüb

  09 Mart 2016    Oxunub : 1552
İlham Əliyev Monteneqro prezidenti ilə görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç ilə görüşüb.

Monteneqronun Prezidenti Filip Vuyanoviç ölkələrimiz arasında möhkəm və yüksək səviyyəli dostluq münasibətlərinin inkişafından məmnunluğunu ifadə etdi, ikitərəfli əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. Özünün Azərbaycana, eləcə də Prezident İlham Əliyevin Monteneqroya səfərlərini və keçirdikləri görüşləri xatırlayan Filip Vuyanoviç bu səfərlər zamanı ikitərəfli əlaqələrimizin gələcək inkişafı üçün bazanın yaradıldığını dedi. İqtisadi əməkdaşlığın genişləndirilməsi üçün də yaxşı imkanların mövcud olduğunu vurğulayan Filip Vuyanoviç ölkələrimiz arasında imzalanmış çoxsaylı müqavilələrin önəmini qeyd etdi.

Filip Vuyanoviç Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ölkəsinə sərmayə qoyuluşunu yüksək qiymətləndirdi, Monteneqronun SOCAR ilə əməkdaşlığın genişləndilməsində maraqlı olduğunu dedi. Ölkəsinin “Cənub Qaz Dəhlizi” layihəsində iştirakına böyük əhəmiyyət verdiyini vurğulayan Monteneqro Respublikasının Prezidenti bu layihənin qitələr və regionlar arasında əməkdaşlığın inkişafı baxımından önəmini qeyd etdi, bu layihənin sözün əsl mənasında “Əsrin layihəsi” olduğunu vurğuladı.

Azərbaycan ilə Monteneqro arasında ikitərəfli əlaqələrin səviyyəsinin razılıq doğurduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında dostluq əlaqələrinin yaradılmasını məmnunluqla qeyd etdi, bu münasibətlərin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı həmin səfərlər çərçivəsində qəbul edilən qərarların uğurla icra olunduğunu dedi. Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən sərmayə qoyuluşu istiqamətində genişləndirilməsi üçün işlərin də aparıldığını qeyd etdi. “Cənub Qaz Dəhlizi” layihəsinin artıq reallığa çevrildiyini bildirən dövlətimizin başçısı layihənin Məşvərət Şurasının bu yaxınlarda Bakıda keçirilən ikinci toplantısında Monteneqro nümayəndə heyətinin fəal iştirakını yüksək qiymətləndirdi və toplantı çərçivəsində 11 ölkənin nümayəndəsi, eləcə də Avropa Komissiyası tərəfindən imzalanan Birgə Bəyannamənin önəmini qeyd etdi.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq müzakirə məkanına çevrildiyi, tədbirə marağın getdikcə daha da artdığı vurğulandı, dünyada və regionda baş verən proseslərin müzakirəsi üçün Forumun yaxşı imkan yaradacağına əminlik ifadə olundu.

AzVision.az

Teqlər: