Millət vəkilləri şokolad fabrikində

Millət vəkilləri şokolad fabrikində
  10 Mart 2016    Oxunub:2527
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili, akademik Ziyad Səmədzadənin başçılıq etdiyi nümayəndə heyyəti Veysəloğlu Şirkətlər Qrupuna səfər ediblər.

Millət vəkilləri Mahir Abbaszadə və Tahir Mirkişilinin də daxil olduğu nümayəndə heyyətinin şirkətə səfərində məqsəd ölkə başçısının sahibkarlığın inkişafina göstərdiyi diqqət və qayğı, yerli istehsalın stimullaşdırılması, bu istiqamətdə olan maneələrin aradan qaldırılması, iş adamlarına lazımi köməkliyin göstərilməsi ilə bağlı verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin icrası və onları maraqlandıran məsələlər ilə yaxından tanış olmaqdır.

Komitə üzvləri səfər proqramı çərçivəsində `Ulduz` şokolad fabrikinə gələrək burada yaradılmış iş yerləri və istehsalat prossesi ilə yaxından tanış olublar. Onlara məlumat verilərək bildirilib ki, Avropanın ən müasir avadanlıqları ilə təchiz edilmiş fabrikdə istehsal edilən məhsullar “Azərbaycan malı” adı altında dünyanın 20-ə yaxın ölkəsinə ixrac olunaraq hər il keçirilən nüfuzlu beynəlxalq sərgilərdə ölkəmizi qida sektorunda layiqincə təmsil edir. Fabrik rəhbərliyi həmçinin bildirib ki, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi xüsusi diqqət və verdiyi dəstək nəticəsində müəssisənin istehsal gücü bir neçə dəfə artırılıb.



Millət vəkilləri istehsalat prossesini izlədikdən sonra Veysəloğlu satış və distribyutor şirkətinin anbar infrastrukturu ilə də yaxından tanış olublar. Burada qonaqlara məlumat verilərək bildirilib ki, ən müasir avadanlıqlar ilə təchiz olunmuş qida və qeyri-qida məhsullarının saxlanılması üçün inşa edilmiş anbar binası bu sahədə ixtisaslaşmış mütəxəssislər tərəfindən hazırlanıb və ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Səfər proqramında millət vəkillərinə Veysəloğlu şirkətlər qrupunun fəaliyyətini əks etdirən video rolik nümayiş etdirilib. Görüşdə qonaqlara şirkətin qeyri-neft sektorunun inkişafı, iş adamlarına göstərilən dövlət qayğısı, ölkə başçısının yerli sahibkarlığın inkişafı istiqamətinə imzaladığı fərman və sərəncamlar, qarşıda duran vəzifələr, mövcud çətinliklər və perspektivlər barəsində geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda komitə sədri Ziyad Səmədzadə qeyri-neft sektorunun, o cümlədən yerli sahibkarlığın inkişaf etdirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılmasının daim ölkə başçısının diqqət mərkəzində olduğunu və bu istiqamıtdə iş adamlarına lazımi şəraitin yaradılacağını vurğulayıb.

Şirkət rəhbərliyi isə öz növbəsində ölkəmizdə biznes mühitinin daha da yaxşılaşması, ölkə başçısı cənab İlham Əliyevin sahibkarlığın inkişafına verdiyi xüsusi dəstəyin sahibkarların fəaliyyəti üçün bir stimul verdiyini, iş adamlarına göstərilən dövlət qayğısının, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən müxtəlif Dövlət Proqramları və tətbiq olunan güzəştlərin özəl sektora ölkə rəhbərinin xüsusi diqqətindən xəbər verdiyini və bu addımların qısa bir müddət ərzində ölkə iqtisadiyyatına öz müsbət tövhəsini verəcəyinə əmin olduğunu bildirdi.


Teqlər:  





Xəbər lenti