“Sonsuz Dəhliz” filmi Parisdə

“Sonsuz Dəhliz” filmi Parisdə
  10 Mart 2016    Oxunub:3481
Parisdə Xocalı faciəsindən bəhs edən “Sonsuz Dəhliz” sənədli filmin nümayişi keçirilib.
Martın 9-da Parisin `L`Entrepôt` incəsənt mərkəzində çoxsaylı beynəlxalq mükafatların laureatı, ABŞ və Litva kinematoqrafçıların birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filmin nümayişi keçirilib. “Xocalıya Ədalət !” təbliğat-təşviqat kampaniyası çərçivəsində keçirilən filmin nümayişi 1992-ci il 26 fevral tarixində baş vermiş Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunub.

Tədbir Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Paris ofisi və “Europa Film Akt” (EFA) təşkilatı ilə birgə əməkdaşlıq şəraitində təşkil edilib. Məlumat üçün bildirək ki, EFA hər il keçirilən “L`Europe autour de l`Europe” festivalının təşkilatçısıdır. Festival çərçivəsində Azərbaycan kino sənətinin ən son filmlərinin mütəmadi nümayişi keçirilir.

“Tarix hər zaman mübahisə və təfsir subyekti olub, münaqişənin əsl qurbanları məhz sadə insanlardır” deyən TEAS-ın Fransa ofisinin direktoru Marie-Laetitia Gourdin qeyd etmişdir ki, filmin nümayişini keçirməkdə məqsəd çağdaş Azərbaycan tarixinin ən kədərli səhifələri barədə məlumatlılığı artırmaqdır.

Marie-Laetitia Gourdinin sözlərinə görə, bu günün faciələri bizə dünənin faciələrini unutdurmamalıdır. Erməni silahlı qüvvələrinin işğalı altında olan əzəli Azərbaycan torpaqlarının geri qayıtmasını 20 ildən çox səbirsizliklə gözləyən bir milyona yaxın qaçğın və məcburi köçkün azərbaycanlının problemlərini unutdurmamalıdır.

“Sonsuz Dəhliz” filmində yer alan şahid ifadələri, Xocalının mülki sakinlərinə qarşı törədilən vəhşiliklər haqqında bəh edən EFA-nın direktoru İrina Biliç qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş qanlı olaylar mövzusu çox vaxt “L`Europe autour de l`Europe” festivalında nümayiş etdirilən filmlərdə də əhatə olunur. Münaqişənin əsl səbəbini düzgün başa düşmək üçün sənətçilərin obyektiv olmasına ehtiyac var.

1992-96-cı illərdə Fransanın Azərbaycandakı ilk səfiri olmuş Jean Perrin Xocalı qətliamının fəsadlarını xatırladaraq deyib: “Ermənilər Xocalıda günahsız insanların kütləvi qırğınını törətməklə Azərbaycanı terrorizmə və təzyiqə məruz qoymaq məqsədini güdmüşdülər. Mən Bakıda mərkəzi xəstəxanada qırğından sağ çıxmış insanları ziyarət etdiyim günü ürək ağrısı ilə xatırlayıram. Mən orada gördüklərimi heç zaman unutmayacağam. Xəstəxana yaralılarla, eyni zamanda, döyülmüş, işgəncəyə məruz qalmış, əlləri ayaqları donmuş mülki şəxslərlə dolu idi”.

J. Perren vurğulayıb ki, Azərbaycanın mövqeyi münaqişəni sülh yolu ilə həll etməkdir. O, 1993-cü ildə Dağlıq Qarabağ ətrafındakı Füzuli və Cəbrayıl rayonlarının ermənilər tərəfindən işğalı zamanı BMT-nin nümayəndələri ilə birlikdə Füzulidə mühasirəyə düşməsindən, düşmənin BMT-nin maşınına atəş açmasından və ələ keçirdikləri kəndləri yandırmasından söz açıb.

J. Perren qeyd edib ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin tələblərinə məhəl qoymur.

Litvalı hərbi jurnalist Riçard Lapaitis Xocalı faciəsi zamanı Ağdam şəhərində dəhşətlərin şahidi olduğunu vurğulamışdır. O, Xocalı hadisələrindən bir həftə sonra Ağdam şəhərinə hələ də cəsədlər gətirildiyini, ermənilərin hətta cəsədləri pulla satdıqlarını diqqətə çatdırmışdır.

Gətirilən cəsədlərin tibbi məhkəmə ekspertizası tərəfindən müayinə olunduğunu və onların əksəriyyətinin işgəncələrlə öldürüldüyünü, hətta diri-diri baş dərisinin çıxarıldığını, 590 mülki şəxsin ayağının amputasiya edildiyini bildirmişdir. Hətta uşaqların belə işgəncələrə məruz qaldığını, əsirlikdə olan uşaqlara iynələr vurulduğunu, qayıtdıqdan qısa müddət sonra onların öldüyünü qeyd edmişdir.

Müzakirələr zamanı verilən suallar bir daha göstərdi ki, tamaşaçılar filmdə nümayiş olunan faktlara biganə deyillər. Xocalıda baş verən faciənin bir daha təkrarlanmaması üçün belə hadisələrdən nəticə çıxarılmalıdır.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra, “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçilər tərəfindən rəğbətlə qarşılanmışdır. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də, ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk”, TRT 1, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanalında nümayiş etdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti