Mehriban Əliyeva səfirlərlə görüşüb

Mehriban Əliyeva səfirlərlə görüşüb
  10 Mart 2016    Oxunub:1395
Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva İranın ölkəmizdəki səfiri Möhsün Pakayin ilə görüşüb.
Heydər Əliyev Fondundan AzVision.az-a verilən məlumata görə, Mehriban Əliyeva Azərbaycan ilə İran arasında uğurlu əməkdaşlıqdan danışaraq, siyasi sahədəki münasibətlərin hər iki ölkənin inkişafına xidmət etdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin mövcud əlaqələri daha da möhkəmləndirdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

Heydər Əliyev Fondunun ölkələr arasında əlaqələrin inkişafında oynadığı rolu qeyd edən Fondun prezidenti qurumun humanitar əməkdaşlığa xüsusi önəm verdiyini vurğulayıb. Mehriban Əliyeva gələcəkdə iki ölkə arasında təhsil, mədəniyyət sahələrində əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Səfir Möhsün Pakayin iki ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyib. O, ölkələrimiz arasında tarixi və mədəni bağlılıqdan danışıb. Heydər Əliyev Fondunun fəaliyyətindən məlumatlı olduğunu qeyd edən səfir Fondun gördüyü işləri yüksək qiymətləndirib.



Martın 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Misirin ölkəmizdəki səfiri xanım Suzanne Mohamed Gamil ilə də görüşüb.

Azərbaycan ilə Misir arasında əlaqələrin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd edən Mehriban Əliyeva ölkələrimizi və xalqlarımızı dostluq tellərinin bağladığını söylədi. Azərbaycanın birinci xanımı hər iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə dəstək verdiyini qeyd edərək, mövcud əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirdi. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Misirdə təhsil, mədəniyyət və digər humanitar sahələrdə əlaqələrin inkişafına dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırdı.

Beş aydır ki, Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyini qeyd edən Suzanne Mohamed Gamil ölkəmizdə çalışmaqdan məmnunluğunu ifadə etdi. Səfir Heydər Əliyev Fondunun Misirdə gördüyü işlərə görə təşəkkürünü bildirdi.

AzVision.az


Teqlər:  






Xəbər lenti