Prezidentin köməkçisindən manatla bağlı Açıqlama

Prezidentin köməkçisindən manatla bağlı Açıqlama
  11 Mart 2016    Oxunub:5999
“Son 12 ildə aparılan iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib. Onun sözlərinə görə, bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların inkişafı sürətlənib. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçün 2004-2013-cü illər ərzində iki 5 illik dövlət proqramı həyata keçirilib.

N.Əmirov bildirib ki, ölkədə aparılan tədbirlər nəticəsində 900 min iş yeri daimi olmaqla 1,2 milyondan artıq yeni iş yeri, o cümlədən 55,6 min müəssisə yaradılıb:

“İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 5,3 faizə enib. Azərbaycan iqtisadiyyatına 130 milyard dollardan artıq sərmayə yatırılıb. Mal dövrriyyəsi – 6,4 faiz, qeyri-neft sektoru üzrə - 4,5 dəfə artıb. Bu dövr ərzində 19,4 min sahibkarlıq subyektinə 1,2 milyard manatdan artıq güzəştli kredit verilib.

Bu kreditlər hesabına 113 min yeni iş yeri yaradılıb. Dövlət büdcəsinin gəlirləri - 14,2 dəfədən çox, vergidən gəlirlər - 7,3 dəfə, dövlət büdcəsinin xərcləri - 13 dəfə, bank qoyuluşları - 24 dəfə, bank aktivləri - 18 dəfə artıb”.

N.Əmirov əlavə edib ki, Azərbaycanda mühasiblər sertifikatlaşdırmadan keçəcək: “Azərbaycanda “Mühasibat uçotu haqqında” qanuna dəyişikliklər layihəsi hazırlanır. Bu qanuna ediləcək dəyişikliklər nəticəsində mühasibat uçotu sahəsində beynəlxalq standartlara tam keçid, peşəkar mühasib anlayışının və bu sahədə sertifikatlaşdırma sisteminin tətbiqi nəzərdə tutulur. Sənəddə sahibkarlıq subyektlərinin formasından asılı olaraq mühasib və ya baş mühasib vəzifəsini icra edən şəxsin peşəkar olması və bununla bağlı peşəkar mühasib sertifikatına malik olması ilə bağlı tələblər, sertifikatın əldə edilməsi üçün imtahan keçirilməsi prosesi əksini tapıb”.

Prezidentin köməkçisi deyib ki, Azərbaycan dünya iqtisadiyyatına sıx inteqrasiya olunmuş, açıq iqtisadiyyatlı ölkə kimi, qlobal çağırışlardan kənarda qala bilməzdi: “Neftin qiymətinin kəskin enməsi, dünya maliyyə bazarlarında baş verən proseslərin bank sektoruna və ölkəyə daxil olan investisiyalara mənfi təsiri, əsas ticarət tərəfdaşlarımızın milli valyutasının devalvasiyaya uğraması milli valyutamızın devalvasiyasını zəruri edib. Lakin aparılan məqsədyönlü işlər nəticəsində hazırda valyuta bazarlarında sabitlik müşahidə olunur ki, manat da artıq öz fundamental məzənnəsini tapmaqdadır.

Mövcud qlobal iqtisadi şərait aparılan iqtisadi islahatları daha da genişləndirməklə, onların müntəzəmliyinin təmin edilməsini, islahatların əhatə dairəsini genişləndirilməsini və bu sahədə işlərin daha da sürətləndirilməsini zəruri edib”.


AzVision.az


Teqlər:  





Xəbər lenti