Səmra `Eurovision`da birinci ola bilər?

Səmra `Eurovision`da birinci ola bilər?
  11 Mart 2016    Oxunub:17208
Xəbər verdiyimiz kimi, Azərbaycanı bu ilki "Eurovision" mahnı müsabiqəsində Səmra Rəhimli təmsil edəcək. 21 yaşlı ifaçı 10 may 2016-cı ildə baş tutacaq ilk yarımfinalda “Eurovision” səhnəsinə çıxaraq “Miracle” mahnısını ifa edəcək.
S.Rəhimli “Eurovision-2012”nin Milli Seçim Turunda iştirak edib. Lakin o dövrdə Milli Müsabiqənin iki ən gənc iştirakçılarından biri kimi ictimaiyyətin diqqətini cəlb etmiş Səmra ölkəni “Eurovision”da təmsil etmək hüququnu əldə edə bilməyib.

Bundan sonra o, müxtəlif ölkələrdə keçirilən “Səs” müsabiqələrində iştirak edib və daha da püxtələşib. Belə ki, 2015-ci ildə S.Rəhimli “O səs Türkiyə” yarışmasında ¼ finala qədər irəliləyib, 2016-cı ilin mart ayında isə “Səs Azərbaycan” müsabiqəsinin ilk mövsümünün finalçısına çevrilib.

İfaçı və mahnı İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən keçirilmiş daxili və gizli səsvermə, o cümlədən 100 televiziya və musiqi eksperti, Avropanın 35 ölkəsindən olan “Eurovision” azarkeşlərinin rəyi əsasında seçilib.

S.Rəhimlinin “Eurovision”da ifa edəcəyi “Miracle” mahnısının rəsmi təqdimatı bu həftə keçiriləcək.

Gənc ifaçı yarışmada ölkəmizi necə təmsil edəcək?

Tanınmış bəstəkar Faiq Sücəddinov ölkəmizin bu ilki “Eurovision” seçimini qiymətləndirib. AzVision.az-a açıqlama verən bəstəkar Səmranın müsabiqə üçün yaxşı seçim olduğunu deyib.

F.Sücəddinov təmsilçimizin yarışmada ilk yerləri tutacağına inandığını bildirib.

“Müsabiqədə əsas məsələ səhnə performasıdır. Bu yarışmada həm mahnı oxuya, həm də oynamalısan, bir sözlə həmin mahnı ilə yaşamalı, səhnə qurmalısan. Odur ki, Səmra Rəhimlinin bunu bacaracağına inanıram. O, çox gənc və istedadlı ifaçıdır. Məncə müsabiqədə əsas neçənci yer tutmaq deyil, yaxşı və yaddaqalan ifa sərgiləməkdir. Səmranın neçənci yer tuta biləcəyini indidən demək çətindir. Ümid edirəm ki, Səmra ölkəmizi layiqincə təmsil edəcək və ilk sıralarda olacaq”-deyə F.Sücəddinov bildirib.

Bəstəkar təmsilçimizin birinci yer tuta biləcəyini də istisna etməyib: “Bu yarışmadır, Səmra birinci yeri tuta bilər. Hər şey onun ifasından və səslərin sayından aslıdır”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti