`İranla əməkdaşlığımız sürətlə inkişaf edir` - İlham Əliyev

`İranla əməkdaşlığımız sürətlə inkişaf edir` - İlham Əliyev
  11 Mart 2016    Oxunub:2175
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın11-də İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu yaxınlarda İran İslam Respublikasına uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı səfərin gözəl nəticələr verdiyini dedi və ölkələrimiz arasında əməkdaşlığa dair ikitərəfli 12 sənədin imzalanmasının önəmini qeyd etdi. Prezident İlham Əliyev bütün sahələri əhatə edən əməkdaşlığımızın hazırda sürətlə inkişaf etdiyini bildirdi. İran və Azərbaycan Sərhəd xidmətləri arasında əlaqələrin artıq böyük tarixə malik olduğunu vurğulayan dövlətimizin başçısı İran İslam Respublikasının Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin ölkəmizə səfərinin bu əlaqələrə yeni təkan verəcəyini bildirdi. Prezident İlham Əliyev dedi ki, ölkələrimizi və xalqlarımızı böyük tarix birləşdirir. Dövlətimizin başçısı hazırda ölkələrimizin beynəlxalq çağırışlara qarşı birgə fəaliyyət göstərdiklərini qeyd etdi, iki ölkənin Sərhəd Xidmətinin fəaliyyətinin əlaqələndirilməsinin genişləndirilməsinin və əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğuladı.

Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayi Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Həsən Ruhaninin ölkələrimizin Sərhəd xidmətləri arasında əlaqələrin inkişafına verdikləri dəstəyin önəmini vurğuladı. O, Prezident İlham Əliyevin İrana son səfərini və səfər zamanı məhsuldar görüşlərin keçirildiyini məmnunluqla qeyd etdi. Qasım Rzayi yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimizin Sərhəd xidmətləri arasında əməkdaşlığın genişləndirilməsi işinə təkan verəcəyini bildirdi.

Prezident İlham Əliyev martın 11-də Latviya Respublikasının sabiq Prezidenti Valdis Zatlersi də qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi Qlobal Bakı Forumunun yaxşı ənənəyə çevrildiyi və tədbirə olan marağın ildən-ilə artdığı vurğulandı. Forumda müzakirə edilən məsələlərin əhatə dairəsinin getdikcə daha da genişləndiyi və aktuallığı ilə diqqəti cəlb etdiyi bildirildi. Tədbirin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün yaxşı imkan yaratdığı qeyd edildi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin martın11-də Finlandiya Respublikasının sabiq Prezidenti xanım Tarya Haloneni qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunun yüksək səviyyədə keçirilməsindən məmnunluq ifadə edildi. Forumun artıq aparıcı beynəlxalq müzakirə məkanları ilə eyni sırada dayandığı vurğulandı. Tədbirdə müzakirə edilən məsələlərin beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyi əminliklə qeyd olundu.

AzVision.az


Teqlər:  






Xəbər lenti