Generallar arasında sərhəd müzakirəsi

Generallar arasında sərhəd müzakirəsi
  11 Mart 2016    Oxunub:2374
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin dəvəti ilə Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycana rəsmi səfərə gəlib.
DSX-nin mətbuat mərkəzindən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyəti ilk olaraq Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib. Səfər çərçivəsində DSX Aparatında görüş keçirilib.

Görüş zamanı tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər dənizində vəziyyət barədə fikir mübadiləsi aparılıb, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi, demarkasiya işlərinin təşkili üzrə praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilib, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanıb.

Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu vurğulanıb, həmçinin sərhəd-mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində Rusiya nümayəndələrinə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları “Şimal-Cənub” nəqliyyat dəhlizi çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir standartlara uyğun təkmilləş­dirilməsi, sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi istiqa­mətində zəruri addımların atılmasının vacibliyini vurğulayıblar.

AzVision.az

Qalereya




Teqlər:  






Xəbər lenti