Qərb zonası alternativ enerji üçün öyrəniləcək

Qərb zonası alternativ enerji üçün öyrəniləcək
  11 Mart 2016    Oxunub:1492
“Vulkan brekçiyasında aksessor minerallaşmanın öyrənilməsi nəticəsində Qara dəniz və Kerç yarımadasının palçıq vulkanlarında təbii əmələ gələn qızıl, gümüş, qurğuşun, mis və digər elementlərin aşkar edilməsi Azərbaycanda da analoji yeni istiqamətdə geniş tədqiqatların aparılmasını labüd edir”.
AzVision.az xəbər verir ki, bunu Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya üzrə elmlər doktoru Adil Əliyev ”Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin növbəti iclası zamanı deyib. Alim ölkəmizdə və dünyada palçıq vulkanlarının hərtərəfli öyrənilməsi istiqamətində elmi tədqiqatlar aparıldığını, qlobal miqyasda onların əmələgəlməsi, coğrafi yayılması, neft-qazlılıq və seysmikliklə əlaqəsi kimi məsələlərlə bağlı yeni elmi nəticələr alındığını bildirib. Adil Əliyev vurğulayıb ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə Ukrayna Milli Elmlər Akademiyasının alimlərinin birgə apardıqları tədqiqatlar hər iki ölkənin palçıq vulkanizmi probleminin müqayisəli təhlilinə, xüsusilə vulkan tullantılarının mineralogiyasına yönəldilib. Vulkan brekçiyasında aksessor minerallaşmanın öyrənilməsi nəticəsində Qara dəniz və Kerç yarımadasının palçıq vulkanlarında təbii əmələ gələn qızıl, gümüş, qurğuşun, mis və digər elementlərin aşkar edilməsi Azərbaycanda da analoji yeni istiqamətdə geniş tədqiqatların aparılmasını labüd edir.

İclasda Qərb zonasının termal sularının xarakteristikalarının və mümkün tətbiq sahələrinin öyrənilməsi istiqamətində AMEA-nın Gəncə Bölməsi ilə əməkdaşlıq məsələsi də müzakirə olunub. Geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov bildirib ki, Qərb zonasında mövcud olan geotermal mənbələrdən gələcəkdə sənayedə, kənd təsərrüfatında, məişət və kommunal sahələrdə, eləcə də təbabətdə geniş istifadə olunması üçün onların fiziki xarakteristikalarını və kimyəvi tərkibini öyrənməyə ehtiyac var. Alim Qərb zonasının geotermal mənbələrinin alternativ enerji və digər məqsədlər üçün istifadə olunması imkanlarının tədqiq ediləcəyini diqqətə çatdırıb.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti