IV Qlobal Bakı Forumu başa çatdı

IV Qlobal Bakı Forumu başa çatdı
  12 Mart 2016    Oxunub:1621
Bakıda keçirilən və vacib məsələlərin müzakirə platformasına çevrilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum martın 11-də işini başa çatdırıb.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Forumun “XXI əsrdə qurulmaqda olan çoxqütblü dünyanın münaqişələrindən necə yan keçməli?” mövzusundakı yekun plenar sessiyasının moderatoru, İspaniyanın sabiq xarici işlər naziri Karlos Vestendorp qlobal cəmiyyətdə dünya nizamının hazırkı vəziyyəti ilə bağlı böyük narahatlığın olduğunu vurğuladı. O bildirdi ki, dünya hazırda “soyuq müharibə” olmasa da, “soyuq sülh” deyilən dövrdə yaşayır. Sabiq xarici işlər naziri Bakı Forumunda müxtəlif məsələlər ətrafında, o cümlədən qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələrin aparıldığını bildirdi.

Sessiyada çıxış edən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirdi, Forumun artıq dünya miqyasında mühüm məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini bildirdi. Tədbirin uğurlarından məmnunluğunu bildirən əl-Tüveycri V Forumun daha genişmiqyaslı olacağına əminliyini ifadə etdi. O, Bakı Forumunu fəal dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirdi.

Dünyada mövcud problemlərin səmərəli idarəçiliyin olmaması səbəbindən yarandığını qeyd edən ISESCO-nun baş direktoru dedi ki, BMT Təhlükəsizlik Şurası özünün mühüm missiyasına baxmayaraq, problemlərin həlli qarşısında aciz qalıb. Məhz səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda dünyanın bir çox yerlərində humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə BMT-də mühüm islahatlar aparılmalıdır.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi belə mötəbər Forumu dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirdi, dünyada münaqişələrin qarşısının alınmasında xalqlararası və dinlərarası dialoqun əhəmiyyətini vurğuladı. Sabiq Prezident qeyd etdi ki, münaqişələri həll etmək, onların qarşısını almaq üçün dinlərarası dialoq gücləndirilməli, din xadimləri arasında əlaqə inkişaf etdirilməlidir. Dünyada sülhün gələcəyinin dialoqdan asılı olacağını deyən P.Stoyanov bununla yanaşı, qadınların hüquqlarının qorunması, yoxsulluğun qarşısının alınması və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının da əhəmiyyətini xüsusi vurğuladı.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç çıxışında Avropada miqrantlar probleminə toxundu. Avropanın ötən əsrin 60-cı illərində də miqrant axınına uğradığını vurğulayan Mladen İvaniç hazırda bu problemin miqyasının böyük olduğunu və qaçqınların əsasən zorakılıq və müharibə nəticəsində Avropaya üz tutduqları üçün problemin daha ciddi hal aldığını bildirdi. O, bu problemin həlli üçün insanlar arasında etimadın yaradılması və qorxu hissinin aradan qaldırılmasının vacibliyini vurğuladı. Dünyada etimadın yaradılması üçün dialoqun gücləndirilməsinin vacib olduğunu söyləyən M.İvaniç bu prosesdə də əsl liderlərə böyük ehtiyac olduğunu dedi. Miqrant probleminin həllində böyük dövlətlərin üzərinə daha mühüm vəzifələrin düşdüyünü vurğulayan Mladen İvaniç bildirdi ki, onlar tezliklə bu barədə düşünməlidirlər. Çünki bu problem gec-tez bütün dövlətlərə təsir edəcək.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Forumun təşkilinə dəstəklərini yüksək qiymətləndirdi. O, tədbirin təşkilində zəhməti olanlara, xüsusən gənc könüllülərə təşəkkürünü bildirdi.

Sabiq Prezident Forumda aparılan fikir mübadilələrinin nəticələrindən danışaraq dedi ki, bütün insanlar qanunların, ədalətin hökm sürdüyü dünyada, müstəqil və təhlükəsizlik şəraitində yaşamaq istəyirlər. Ancaq hazırda bu sahədə ciddi problemlər var. Ona görə də həmin dəyərlər təşviq edilməli, burada səslənən çağırış və mesajları liderlər öz ölkələrinə çatdırmalıdırlar.

BMT-nin fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayan Vayra Vike-Freyberqa əsasən böyük dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyini bildirdi. O qeyd etdi ki, böyük dövlətlərin öz maraqlarını güdərək fəaliyyət göstərmələri digər dövlətlərin suveren hüquqlarını pozur. Ona görə də dünyada sülhü qorumaq üçün insanlar, ölkələr və təşkilatlar olaraq biz humanist ideyalara sadiq qalmalı, onu geniş şəkildə yaymalı, qarşılıqlı dialoqu gücləndirməliyik.

Müzakirələrə yekun vuran moderator Karlos Vestendorp sessiyada, ümumilikdə, Forumda aparılan səmərəli müzakirələrin dünyada sülhün, sabitliyin, ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini bildirdi, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını çatdırdı.

Bununla da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən iki günlük “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Forum öz işini başa çatdırdı.

AzVision.az


Teqlər:





Xəbər lenti