Azərbaycanda yay və qış vaxtına keçid ləğv edilir?

Azərbaycanda yay və qış vaxtına keçid ləğv edilir?
  12 Mart 2016    Oxunub:5847
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində Azərbaycan ərazisində yay-qış vaxtına keçid məsələsi müzakirə olunub. Bir çox ölkələrdə saatların yay və qış aylarında çəkilməsi ləğv olunduğundan Azərbaycanda da belə bir addımın atılması üçün AMEA-nın Prezident Administrasiyasına təklif göndərəcəyi gözlənilir.
Mütəxəssislərin fikrincə, vaxt dəyişikliyi zamanı qonşu ölkələr arasında problemlər yaranır, yol qəzaları artır, təyyarələrdə gecikmələr müşahidə olunur. Məhz bu səbəblərdən Avropanın əksər ölkəsində, o cümlədən Afrika, Cənub-Şərqi Asiya ölkələrində bu kimi keçidlər həyata keçirilmir.

Vaxt dəyişikliyi zamanı İKT sahəsində də müəyyən uyğunsuzluqların yarandığını bildirən alimlər Azərbaycan kimi kiçik ərazisi olan bir dövlətdə cari vaxtın saxlanılmasının məqsədəuyğun olduğunu bildirirlər.

Millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında ölkəmizdə yay-qış vaxtına keçidin ləğv olunması təklifini dəstəklədiyini deyib. Deputat bildirib ki, yay və qış vaxtlarında saatların çəkilməsi Azərbaycan üçün böyük əhəmiyyət daşımır.

M.Quliyev hesab edir ki, Azərbaycan qütb ölkəsi olmadığından bizdə saatların çəkilməsinə ehtiyac yoxdur: “Əgər biz qütb ölkələrində və ya gecənin uzun olduğu ərazilərdə yaşasaydıq, enerji ehyiyyatlarının qorunması baxımından buna ciddi əhəmiyyət verməyə dəyərdi. Amma bizdə buna zərurət yoxdur”.



Millət vəkilinin sözlərinə görə, ekspertlər Nazirlər Kabineti səviyyəsində araşdırmalıdırlar ki, Azərbaycan vaxt çəkilişində nə qədər enerjiyə qənaət edə bilər: “Azərbaycanın enerjiyə qənaət etmək üçün çoxlu mənbələri var. Bunlardan daha səmərəli istifadə etsək, yay və qış saat çəkilişlərinə ehtiyac qalmaz. Düzdür, son illərdə enerji sistemində aparılan islahatlar, xüsusən də naqillərin dəyişdiriləsi israfçılığın qarşısını alır”.

Musa Quliyev qeyd edib ki, ildə iki dəfə saatların çəkilməsi qısa müddətli də olsa insan orqanizminə təsir edir və stress yaradır.

“Hava nəqliyyatı üzrə əlaqə qurduğumuz ölkələrin keçiddən imtin etdiyini nəzərə alsaq, Azərbaycanda da yay- qış vaxtına keçidin ləğv olunması məqsədəuyğun olar”,-deyə deputat vurğulayıb.

Xatırladaq ki, ölkədə yay vaxtının tətbiq edilməsi Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Qərara görə, 1997-ci ildən başlayaraq hər il mart ayının son bazar günü saat gecə 4-də əqrəblərin bir saat qabağa çəkilməsilə Azərbaycanda yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü saat gecə 5-də əqrəblərin bir saat geri çəkilməsilə yay vaxtı ləğv edilir. Yay vaxtının tətbiqi enerjiyə, təbii qaza qənaət və gün işığından maksimum istifadə baxımından əlverişlidir.

Qeyd edək ki, artıq Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Gürcüstanla yanaşı, Yaponiya, Çin, Cənubi Koreya kimi inkişaf etmiş dövlətlər də yay və qış vaxtına keçidi ləğv ediblər.

Gültəkin Ələsgər


Teqlər:






Xəbər lenti