Azərbaycanda "Tik, idarə et, təhvil ver" modeli tətbiq ediləcək

Azərbaycanda "Tik, idarə et, təhvil ver" modeli tətbiq ediləcək
  15 Mart 2016    Oxunub:2873
Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi müzakirə edilib.
AzVision.az xəbər verir ki, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, qanunun Milli Məclisdə I oxunuşda müzakirəsi zamanı millət vəkillərinin səsləndirdiyi təkliflər nəzərə alınıb:

“İşçi qrup təklifləri təhlil edib. TİT modeli üzrə həyata keçiriləcək investisiya qoyuluşları nəticəsində qiymətləri dövlət tərəfindən tənzimlənən mal və xidmətlər istisna olmaqla, digər mal və xidmətlərin dəyərinin, onların növləri, istehlakı və ya istifadəsinin miqdarı, keyfiyyəti, təhlükəsizliyi və digər meyarlar nəzərə alınmaqla tərəflərin razılığı əsasında müəyyənləşdirildiyi təsbit edilib.

Həmin maddədən investorun istehsal etdiyi mal və xidmətlərə müəyyən həddən artıq miqdarda satın alındıqda investorun gəlirinin tərəflər arasında bölgüsünün aparılması məsələsi isə ümumiyyətlə çıxarılıb. Eyni zamanda, investorun obyektində istehsal həcminə məhdudiyyətlərin qoyulması barədə müddəa da layihədən çıxarılıb. Bundan başqa, TİT modeli əsasında inşa olunan obyektlərin 49 il müddətində istifadədən sonra yararsız hala düşməsinin qarşısını almaq üçün maddəyə amortizasiya nəzərə alınmaqla sözləri əlavə edilib. Bununla da, obyektin təhvil verilmə ərəfəsində investorun obyektin təyinatını dəyişdirməsi imkanları məhdudlaşdırılıb ”.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, qanunda xüsusi maliyyələşmə tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlər ilə əlaqədar investisiya layihələrinin "Tik, idarə et, təhvil ver" (TİT) modelinə uyğun maliyyələşmə nəzərdə tutulub.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti