Ankara terroru: 3 versiya - TƏHLİL

Ankara terroru: 3 versiya - TƏHLİL
  16 Mart 2016    Oxunub:7053
Azərbaycan prezidenti Türkiyəyə qardaşlıq ziyarətini həyata keçirdi və çoxdandır gözlənilən Əliyev-Ərdoğan görüşü nəhayət ki, baş tutdu. Türkiyə prezidenti Ərdoğanın Azərbaycana səfəri planlaşdırılsa da, dalbadal ikinci dəfə Ankarada terror hadisəsinin baş verməsi səfərin təxirə düşməsilə nəticələnirdi.

Məhz bu məqam Ərdoğanın Azərbaycana səfərinə əngəl törətmək üçün terror aktlarının törədilməsi barədə ehtimalların səslənməsinə imkan yaradırdı.

Regionda son dövrlər baş verən hadisələri ardıcıllıqla sıralayanda müəyyən versiyaların irəli sürülməsi mümkündür.

Ankaradakı terror hadisələrilə bağlı irəli sürülücək versiyalar ehtimal xarakteri daşısa da, Qafqazın geosiyasi qüvvələrin növbəti toqquşma nöqtəsi olduğunu əminliklə söyləmək olar.

Rusiyanın Ermənistan ərazisinə böyük miqdarda silah-sursat göndərməsi, ardınca Azərbaycanın buna görə Rusiyaya nota verməsi, bundan sonra prezident İlham Əliyevin İrana səfəri, geri qayıtdıqdan sonra Rusiya prezidenti Vladimir Putinin iranlı və azərbaycanlı həmkarlarıyla telefon əlaqəsi saxlaması, ardınca Türkiyənin xarici içlər nazirinin Azərbaycana, baş nazirinin isə İrana səfər etməsi, Ermənistan prezidentinin isə Moskvaya yollanması Cənubi Qafqaz ətrafında ciddi siyasi gərginliyin mövcudluğunun xəbərçisidir.

Regiondakı diplomatik fəallaşma fonunda Ərdoğanın Bakıya gəlmək istəyi və hər dəfə terror hadisəsinin baş verməsi Qafqazda maraqların toqquşmasından, maraqlı qüvvələrin qələbə üçün əllərindəki bütün vasitələri işə salmalarından xəbər verir.

Beləliklə, Ankaradakı 17 fevral və 13 mart terror hadisələrinin törədilməsinin arxasında kimin dayanması ilə bağlı üç əsas versiya irəli sürülə bilər.



Birinci versiya ondan ibarətdir ki, hadisələrin arxasında Rusiya xüsusi xidmət orqanları dayanır və Moskvanın əsas məqsədi Ərdoğanın səfərinə mane olmaqla yanaşı, türklərdən vurulmuş təyyarələrinə görə qisas almaqdır. Qeyd edək ki, 17 fevral terror hadisəsi nəticəsində ölənlər əsasən pilotlar olmuşdu.

Rusiyanın Ərdoğanın Bakı səfərinə mane olmaq istəyinin arxasında isə, Moskva ilə Ankara arasında son dövrlər yaranmış gərginlik dura bilər. Rusiyanın Ermənistanda silahlı qüvvələrinin sayını artırması onu göstərir ki, ya Moskva Ermənistan ərazisindən Türkiyəyə zərbə endirmək fikrindədir, ya da, Türkiyənin məhz Ermənistanı hədəf seçdiyi barədə müəyyən kəşviyyat məlumatına malikdir. Suriyadan Rusiya qoşunlarının çıxarılması da ona dəlalət edə bilər ki, Moskva iki cəbhədə vuruşmaq istəmir və bütün gücünü bir nöqtəyə səfərbər edəcək.

Amma digər tərəfdən, prezident İlham Əliyevin Türkiyəyə səfərə yollanması Rusiya tərəfdən heç bir təhlükə gözlənilmədiyindən xəbər verir. Hətta ola bilər ki, bu yaxınlarda Bakıya səfər edən Rusiyanın baş nazirinin müavini Roqozin də, prezident İlham Əliyevlə görüşündə Putinin Ərdoğana mesajını çatdırıb və Azərbaycan rəhbərinin Türkiyəyə səfərinin altında Moskva-Ankara barışığının əldə olunması, Qafqazda gərginliyə yol verilməməsi dayanır.

İkinci versiya ondan ibarətdir ki, terror hadisələrinin arxasında elə Türkiyənin özünün xüsusi xidmət orqanlarının daxilindəki bəzi qruplar dayana bilər. Partlayışın kifayət qədər ciddi qorunan paytaxt Ankaranın mərkəzində törədilməsi bu versiyaya inamı artırır. Burada məqsədlər çox müxtəlif ola bilər.

Üçüncü versiya kimi isə, terror aktlarının törədilməsi ABŞ xüsusi xidmət orqanlarının işi ola bilər. Vaşinqton Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsində maraqlıdır. Bununla regional hegemonluq uğrunda mübarizə aparan iki liderin zəifləməsinə nail olacaq.

Əlbəttə, bunlar, dediyimiz kimi, məhz ehtimallardır. Mümkündür ki, reallıqda bu terrorun dalında kimin durduğunu biz heç vaxt bilməyək.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:





Xəbər lenti