Nəsibə Zeynalovanın yubileyi keçiriləcək

Nəsibə Zeynalovanın yubileyi keçiriləcək
  17 Mart 2016    Oxunub:3044
Prezident İlham Əliyev Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az-ın məlumatına görə, sərəncamda bildirilir ki, 2016-cı ildə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, respublika Dövlət mükafatı laureatı, xalq artisti Nəsibə Cahangir qızı Zeynalovanın 100 illiyi tamam olur.

Nəsibə xanım Zeynalova qüdrətli sənətkar kimi parlaq yaradıcılıq yolu keçmiş və yüksək fitri istedadı sayəsində Azərbaycanın çoxəsrlik zəngin mədəniyyəti salnaməsində silinməz iz qoymuşdur. Onun milli teatr səhnəsində və ekran əsərlərində insan təbiətinin mürəkkəbliklərini məharətlə canlandırdığı silsilə xarakterlər özünün dərin xəlqiliyi və ifadə vasitələrinin əlvanlığı ilə seçilən nadir sənət inciləridir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli mədəniyyətin inkişafına dəyərli töhfələr vermiş böyük sənətkar Nəsibə Zeynalovanın 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Nəsibə Zeynalovanın 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

AzVision.az


Teqlər:  





Xəbər lenti