Məcburi ehtiyat norması nə məqsəd daşıyır? – TƏHLİL

Məcburi ehtiyat norması nə məqsəd daşıyır? – TƏHLİL
  18 Mart 2016    Oxunub:8089
Məlum olduğu kimi, Mərkəzi Bankın (AMB) İdarə Heyətinin 3 mart 2016-cı il tarixli qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0,5%-dən 1%-ə yüksəldilib, qeyri-rezident maliyyə sektoru qarşısında öhdəliklər, beynəlxalq maliyyə institutları ilə hesablaşmalar üzrə məcburi ehtiyat norması isə 0,5%-dən 0%-ə endirilib.

Ancaq milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilən öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişdirilməyib. Beləliklə də banklar 2016-cı ilin may ayından etibarən məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib edəcəklər ki, iyun ayından sözügedən göstəricini yeni normada saxlamalı olacaqlar.

Bəs, bu nə deməkdir? Başqa sözlə, məcburi ehtiyatlar norması nəyi ehtiva edir?

Bunun üçün bir qədər əvvələ ekskursiya edək. AMB sonuncu dəfə belə bir qərarı 26 fevral 2015-ci il tarixdə qəbul etmişdi. O vaxt məcburi ehtiyat norması həm xarici valyuta, həm də manat üzrə 4 dəfə endirilmişdi. Sual olunur ki, niyə?

Məsələ bundadır ki, keçən il fevralın 21-i tarixdə ilk devalvasiya nəticəsində bankları yaranmış situasiyadan sığortalamaq məqsədilə AMB bir sıra addımlar atmağa məcbur oldu. Bunlardan biri də adı çəkilən qurumun nəzdində fəaliyyət göstərən Əmanətlərin Sığortalanması Fondu (ƏFS) tərəfindən həmin ayın 24-dən banklarda yerləşdirilən qorunan əmanətlər üzrə faiz dərəcəsinin 9%-dən 12% səviyyəsinədək qaldırılması oldu. ƏSF tərəfindən məhz qeyd olunan zamanda atılan bu addım olduqca yerinə düşdü. O səbəbdən ki, bu, banklardan vəsaitlərin çəkilməsi qarşısını almağa, digər tərəfdən isə real şəraitdə vəsaitlərin yenidən yerləşdirilməsi tendensiyası zamanı əlavə stimul yaratmaq üçün yardım məqsədilə edildi.

Lakin bu zaman bir təhlükə yarandı. O da bundan ibarət oldu ki, kredit faizləri arta bilərdi. Bu mənada, banklar üzrə bütün depozitlər üçün məcburi ehtiyat norması 26 fevral 2015-ci il tarixli qərarla 4 dəfə aşağı salınmalı oldu. Bu, mühüm addım idi. Belə ki, 26 fevral 2015-ci il tarixdə verilən qərarla bütün mənbələrdən depozitlər üzrə məcburi ehtiyatlar normasının 2%-dən 0,5%-ə salınması banklara kredit təklifləri səviyyəsini nəinki qoruyub saxlamağa, onu hətta artırmağa da əlavə imkan yaratdı.

Çünki qısa desək, qərarın məzmunu ondan ibarət idi ki, banklar cəlb etdikləri əmanətlərin daha az – 0,5% hissəsini saxlamaqla qalan hissəsini gəlir götürmək məqsədilə borc vermək imkanı qazandılar.

Odur ki, AMB İdarə Heyətinin 03 Mart 2016-cı il tarixli real qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat normasının 0,5%-dən 1%-ə yüksəldilməsi də, milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə sözügedən göstəricinin dəyişməz saxlanılması başa düşülən addımdır. O baxımdan ki, indi vəziyyət tam başqadır. İkinci devalvasiyadan sonra vəziyyət lap qəlizləşib. Əhalinin banklarda yerləşdirilmiş əmanətlərinin 85%-i ABŞ dolları ilədir, ona görə də banklar kreditləri dollarla təklif edirlər...

Düzdür, buna qarşı birinci zərbə dollar ilə əmanətlərin qarşıdakı 3 il ərzində tam sığortalanması ilə faizin 3%-ə salınması oldu. İkinci zərbə yalnız bundan ibarət ola bilərdi ki, banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etsinlər və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalı olsunlar. Yəni, AMB-in qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilən öhdəliklər üzrə məcburi ehtiyat normasının 0,5%-dən 1%-ə yüksəldilməsi, dollarla depozitlər üzrə kredit təklifini manatdan fərqli olaraq, məhdudlaşdıracaq.

Bir daha tam aydın olsun deyə, sadə dillə təkrar edirik ki, cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması banklar tərəfindən qəbul edilən borc vəsaitləri, konkret desək, yəni əhalinin depozit pulları üzrə həcmin məhz nə qədər hissəsinin saxlanılmalı və buna müvafiq olaraq da hansı hissəsinin kreditə verilməli olduğunu müəyyən edir.

AMB də öz qərarının başlanğıcında təsadüfən xatırlatmayıb ki, son vaxtlar milli valyutaya olan etimadı daha da gücləndirmək və bununla dayanıqlı makroiqtisadi sabitliyə dəstək vermək istiqamətində Mərkəzi Bank bir sıra qərarlar qəbul edib. Məcburi ehtiyat normasının da xarici valyuta üzrə 0,5% artırılması məhz bunun tərkib hissəsidir. Çünki məqsəd, ölkədə dollarizasiyadan uzaqlaşmaq prosesinə geniş yol açmaqdan ibarətdir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti