Sovet dövrünün Novruz mifləri – ARAŞDIRMA + FOTOLAR

Sovet dövrünün Novruz mifləri – ARAŞDIRMA + FOTOLAR
  20 Mart 2016    Oxunub:50197
Füzuli Sabiroğlu
Xüsusi olaraq AzVision.az üçün

Artıq neçə illərdir ki, Sovet dövründə Azərbaycanda Novruz bayramının keçirilməsi ilə bağlı müxtəlif yazılar dərc olunur. Çox təəssüflər olsun ki, bu yazıların əksəriyyətində müxtəlif səbəblərdən müəyyən tarixi məqamlar ya təhrif olunur, ya da onların üzərindən sükutla keçilir.

XX əsrin 20-ci illərinə qədər Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Düzdür, Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, H.Z.Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər.

Azərbaycan Cümhuriyyəti dövründə də Novruz iki dəfə təntənəli şəkildə qeyd edilib. Ancaq Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra vəziyyət dəyişdi.

Bəzən səhvən belə bir fikir söylənilir ki, Azərbaycanda Sovet hakimiyyəti qurulan kimi Novruz bayramı qadağan edilib. Əslində bu, belə deyil. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra da Novruz bayramları əvvəlki təntənə ilə qeyd olunmaqda davam edirdi.

“Kommunist” qəzeti 1921-ci il 24 mart tarixli nömrəsində yazırdı ki, “Novruz bayramı” günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilir. İmkansız əhaliyə müxtəlif ərzaq məhsulları paylanır.

Ancaq bununla bərabər, radikal bolşeviklər tərəfindən “Novruz”a qarşı kompaniyalar ara vermirdi. Bu qaragüruhçulara qarşı ən böyük təpkini isə Nəriman Nərimanov göstərirdi. Çünki, bu bayrama münasibətini N. Nərimanov 1913-cü şəkildə “İqbal” qəzetinin 19 mart tarixli sayında ətraflı şəkildə izah edir, Novruzu İslam dini ilə heç bir əlaqəsi olmayan, insanları birliyə və bərabərliyə səsləyən milli bayram kimi göstərirdi.

Nəhayət, 1925-ci ildə bu barədə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. Ancaq bu qərar cəmi 3 il qüvvədə qaldı. 1928-ci ildən başlayaraq dini və milli bayramlara qarşı açıq hücumlar başladı. Hətta “Kommunist” qəzeti yazırdı ki, “Rusiyada olduğu kimi Azərbaycanda da milli və dini bayramları ləğv etmək və onları inqilabi bayramlarla əvəz etmək lazımdır”.

Novruz əleyhinə ən fəal mübarizlər 1924-cü ildə yaradılmış “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri idi. Nəhayət, 1929-cu ildə “Allahsızlar” öz məqsədlərinə nail oldular və bu bayramlar dövlət bayramları siyahısından çıxarıldı. Bundan sonra “Mübariz Allahsızlar İttifaqı”nın üzvləri bayram günlərində drujinalar təşkil edərək gecələr evlərə, həyətlərə reydlər təşkil edir, evində səməni qoyub bayram süfrəsi açan, həyətində tonqal qalayan komsolmolçuları aşkarlayaraq bu adamları komsomol iclaslarında müzakirəyə çıxarırdılar.



1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə ümumiyyətlə qadağan edildi. Ancaq bu illərdə də, hətta İkinci dünya müharibəsi illərində də bütün mərhumiyyətlərə baxmayaraq Novruz bayramı qeyd edilirdi.

Bu rəsmi qadağanın da ömrü cəmi 20 il çəkdi. Stalinin ölümündən sonra bütün dini və milli bayramlar kimi Novruz bayramı da qeyri-rəsmi bəraət aldı. Yəni bu bayramın ailə çərçivəsində keçirilməsinə qarşı artıq heç bir rəsmi basqı yox idi. Əksinə, Sovet ideoloqları bəzi milli bayramları dövlətin ideoloji proqramına uyğunlaşdırmaq haqqında fikirləşməyə başlamışdılar. Odur ki, ilkin eksperiment kimi, 1966-cı ilin mart ayının 6-da (Mart ayının ilk bazar günü) rusların “Maslennitsa” adlandırdıqları milli bayramı “Rus qışının yola salınması” adı altında, martın 20-də isə Novruz bayramını “Baharın gəlişi” adı altında qeyd etmək qərara alınmışdı.

“Rus qışının yola salınması” həmin il Leninqrad vilayətində keçirildi. Ancaq nədənsə həmin il Novruzun keçirilməsi təxirə salındı və nəhayət ki, 1967-ci ildə bu bayramın Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi.

Onu da deyim ki, bu bayramın keçirilməsi üçün namizəd şəhərlər sırasında Daşkəndin də adının olduğu söylənilir.

Bu, 1928-ci ildən sonra hansı ad altında keçirilməsindən asılı olmayaraq Bakıda keçirilən ilk böyük Novruz şənliyi idi. Bu bayram şənlikləri haqqında kifayət qədər yazıldığından onun üzərində ətraflı dayanmayıb sadəcə bəzi nüansları xatırlatmaq istəyirəm.

“Rus qışının yola salınması” SSRİ tarixinə yalnız 1 dəfə kütləvi keçirilmiş milli bayram kimi düşdü. Ancaq Novruz bayramı bundan sonrakı illərdə də unudulmadı. Bəzən mətbuatda (hətta “tarixçi”lər tərəfindən də) belə bir fikir irəli sürülür ki, guya 1967-ci ildə o zaman Azərbaycan KP MK-nın ideoloji katibi olan Şıxəli Qurbanovun ölümündən sonra Novruz günlərində kütləvi bayram tədbirləri keçirilməyib. Arxivləri bir tərəfə qoyub, sadəcə o dövrün qəzetlərində gedən informasiyalara gözucu nəzər yetirmək kifayət edir ki, bu iddiaların nə qədər yanlış olduğunu görəsən.

1968-ci ildə də, 69-cu ildə də, 70-ci illərin əvvəllərində də möhtəşəmliyinə görə 1967-ci ildəkindən geri qalmayan Novruz şənlikləri keçirilib. Bu şənliklərin miqyasını həmin illərdə qəzetlərdə dərc olunmuş xəbərlər də göstərir.



1967-ci ildə Novruz bayramının keçirilməsinə Sovet rəhbərliyinin birdən-birə razılıq verməsini SSRİ-nin Yaxın Şərq, daha dəqiq desək, İranla bağlı siyasəti ilə də əlaqələndirirlər. 1965-ci ildə İran Şahı Rza Pəhləvinin SSRİ-yə səfəri zamanı L.İ.Brejnevlə söhbətdə mədəni əlaqələrin möhkəmləndirilməsi ilə bərabər Novruz mövzusuna da toxunulmuşdu.
Doğrudan da, 1966-cı il avqustun 22-də “İran Şahənşah dövləti ilə SSRİ hökuməti arasında Mədəni əlaqələr haqqında” razılaşma imzalandı. Yeri gəlmişkən, elə bundan sonra 1966-cı ildə ilk dəfə Sovet Azərbaycanında böyük Azərbaycan şairi Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poeması dərc olundu. Və 1967-ci ildən başlayaraq Bakıda Novruz şənlikləri keçirilməyə başladı. Məlum məsələ idi...



1968-ci ilin payızında L.İ.Brejnevin İrana növbəti səfəri gözlənilirdi. Təbii ki, bu bayramın uzun illər sonra ilk dəfə bu miqyasda keçirilməsinin xalqımızın milli şüurunda necə böyük bir dəyişikliyə səbəb olduğunu danmaq olmaz. Ancaq bu da danılmazdır ki, Sovet İttifaqı Kommunist Partiyasının baş ideoloqu və Sovet sisteminin “boz kardinalı” sayılan Mixail Suslovun kurasiyasında olan sahənin Azərbaycandakı rəhbəri bu işi nə Suslovun, nə də həmin dövrdə Azərbaycana rəhbərlik edən Vəli Axundovun razılığı olmadan görə bilməzdi.

Hər halda, bu məqamların hamısı ciddi araşdırma mövzusudur.



1967-ci ilin Novruz şənlikləri haqqında danışılarkən, həmin şənliklərin əsas təşkilatçısı və ssenarisinin müəllifi olmuş başqa bir görkəmli şəxsin adı da nədənsə unudulur. Bu, həmin dövrdə Bakı şəhər Partiya Komitəsinin katibi işləmiş Vəli Məmmədovdur.

Vəli Məmmədovun həyat yoldaşı Xalidə xanım Əlizadənin 2007-ci ildə çap olunmuş “Xalqın Vəlisi, millətin səsi” adlı kitabında Novruz bayramının Azərbaycan paytaxtında keçirilməsi ssenarisinin Vəli Məmmədovun əlyazmasında tam mətnini dərc edib.



“Bahar bayramı (Novruz)” adlandırılan ssenaridə martın 8–də başlayacaq hazırlıq tədbirlərindən tutmuş martın 21–də Bakıda keçiriləcək əzəmətli el şənliyinin dəqiq iş planına və məzmuna qədər hər bir detal ətraflı təsvir edilib.



70-ci illərin ortalarından sonra SSRİ hökuməti “Bahar bayramı” adı altında kütləvi tədbirlərin keçirilməsinə icazə verməsə də, hər il martın 21-də rəsmi qəzetlər bayram təbrikləri ilə nəşr olunur, televiziya isə öz proqramını bayrama uyğun qururdu.





Hər il bu günə mütləq bayram əhval-ruhiyyəli bir mədəni-kütləvi tədbir salınırdı. Məsələn Aşıqların qurultayı ilə bağlı “Yaz bayramı-Saz bayramı”, Cəfər Cabbarlının doğum günü abidəsinin açılış mərasimi və el şənliyinə çevrilən çoxlu belə tədbirlər əsl bayram sovqatı olurdu. Çünki, martın 21-nə salınan bu tədbirlərdə əsas atributlar Novruzun rəmzləri olurdu.



Təqdim olunan bu fotolar 1982-ci il mart ayının 21-də çəkilib. Cəfər Cabbarlının abidəsinin açılışından sonra böyük bayram şənliyi keçirildi. Bayram şənliyindən sonra Cəfər Cabbarlının ev muzeyinə gələn respublika rəhbəri Heydər Əliyevi əlində bayram xonçaları və səmənilər tutmuş qızlar qarşıladı. Ev-muzeyinin içərisində də stolun üstü bayram xonçası və səməni ilə bəzədilmişdi.



Təkcə bu fakt həmin dövrdə Novruza qarşı respublika rəhybərliyi səviyyəsində hansısa qadağanın olmadığını sübut eləmirmi?



Ümumiyyətlə, Sovet dövründə Novruza münasibət məsələsinin bizə məlum olmayan, çox maraqlı məqamları var. Bütün bunlar səbrli və qərəzsiz jurnalist araşdırmaları üçün gözəl mövzudur.

Qalereya




Teqlər:  





Xəbər lenti