Dollara tələb niyə enib və yenə qalxa bilərmi? – TƏHLİL

Dollara tələb niyə enib və yenə qalxa bilərmi? – TƏHLİL
  29 Mart 2016    Oxunub:36879
Bayram tətili bitdikdən sonra həftənin elə ilk günündə Mərkəzi Bankın (AMB) keçirdiyi hərracda Dövlət Neft Fondunun çıxardığı 100 milyon dolların 0,5%-nin, yəni onun heç 1 milyonunun da deyil, 500 min dollarının satılması ümumən, mart ayı ərzində ölkədə xarici valyutaya tələbin fevralla müqayisədə məhdud olduğuna dair daha bir əyani sübut oldu. Belə ki, bayramdan əvvəl də vəziyyət eyni idi.

Ümumiyyətlə, cari ayın demək olar ki, I ongünlüyünün sonundan etibarən AMB-nin keçirdiyi hərraclarda xarici valyutaya tələb azalıb. Buna müvafiq olaraq da manatın məzənnəsinin fevralın 25-dən keçən vaxt ərzində ucuzlaşmasına rəğmən, nisbətən möhkəmlənməsi prosesi başlayıb. Bayram günlərində isə üstəlik, ölkəyə çox sayda turislərin gəlməsi banklarda dollar ehtiyatını da artırdı.

Ancaq təkcə bu deyil. Əvvəlki şərhlərimizdə də yazmışdıq ki, manatın martın II ongünlüyündən etibarən bir müddət də bahalaşması tendensiyasını müşahidə edəcəyik. Çünki buna bir neçə səbəb var idi.

Belə ki, bütün deyilənlərdən əlavə, məhz bu aydan etibarən əmanətlərin 3 illik müddətə tam sığortalanması haqda müvafiq addımın atılması və bu zaman dollar üzrə sığortalanma faiz həddinin 3%-ə endirilməklə manata görə 12%-də saxlanması, o cümlədən, digər tədbirlər də tədricən sözünü deyir.

Yəni, demək istədiyimiz budur ki, əhali tərəfdən də dollara tələb nisbətən enib. Əhalinin sərbəst vəsaitlərini orta müddətli perespektiv nəzərə alınmaqla ABŞ dolları ilə saxlamasında artıq heç bir səmərə qalmayıb.

Belə ki, manatla vəsaitləri çox olanların onu xarici valyutaya dəyişməkdənsə, aparıb 12%-lə banklara yerləşdirmələri artıq, daha məqsədəuyğun sayılır. Çünki dollarla banklara əmanət yerləşdirilməsi həmin vəsaitin əldə saxlanması səmərəsi ilə faktiki, eyniyyət təşkil edir. Belə ki, 3% gəlirlə dollarla depozit yerləşdirilməsi onun məbləğindən asılı olmayaraq, artıq bir işə çevrilib.

Həmçinin, dövlət büdcəsində neftin 1 barrelinin cari il üçün nəzərdə tutulan qiymətinin 50 dollardan 25-ə salınmasını da qeyd etmək yerinə düşər. Bu, manatın dollara qarşı müqavimətini artırmaq üçün edildi. Çünki manatın xarici valyutalara nəzərən ucuzlaşmasının qarşısının alınması yollarından biri dövlət büdcəsi gəlirlərinin təminində neftin qiymətinin rolunu azaltmaqdan keçirdi ki, bu mənada ondan daxilolmalar maksimum dərəcədə məhdudlaşdırılmalı idi. Üstəlik, neftin qiyməti də 40 dollar həddindədir. Odur ki, fevralın 25-i ilə martın 10-nu aralığındakı ucuzlaşma müvəqqəti idi. Ancaq bu, nə qədər davam edə bilər?

Məsələ bundadır ki, hazırkı tendensiya da dayanıqlı deyil. Bunun üçün həm xarici, həm də daxili faktorları nəzərə almaq lazımdır. Xarici faktorlara dair qeyd edək ki, dollar dünyada bahalaşa bilər. Elə indinin özündə də bahadır. Belə ki, ABŞ iqtisadiyyatında vəziyyət yaxşıdır. Ona görə də Federal Ehtiyat Sistemi (FES) aprel ayında baza faiz dərəcəsini həqiqətən artıra bilər. Bu isə dolların möhkəmlənməsi üçün yeni rəvac verəcək.

FES baza faiz dərəcəsini bu il üçün əslində, 4 dəfə qaldırmağı planlaşdırmışdı. Lakin ilin I rübü ərzində bu istiqamətdə məlum olduğu kimi heç bir qərar qəbul etmədi. Çünki buna əsas etibarilə Çin və Avropa Birliyi məkanında sərt devalvasiya tədbirləri imkan vermədi. Əslində, FES faiz artımına yenə getməyə bilər. Çünki dolların bahalaşması Amerikanın ixracını məhdudlaşdırır. Lakin neftin qiyməti bahalaşmağa meyl etsə FES faizi qaldırmalı olacaq.

Məsələ isə bundadır ki, neftin yaxın aylarda qiymət məsələsi də məhz apreldə keçiriləcək OPEK-in iclasından asılı olacaq.

İkinci əsas məsələ isə ölkəyə idxalın vəziyyətiylə bağlıdır. Yanvarda bu sahədə göstərici azalmışdı. Bu ay üzrə vəziyyətin necə olacağı isə qarşıda məlum olacaq. Daxili istehlak bazarının idxaldan asılılığı azalarsa, dollara tələbat ümumiyyətlə enəcək. Odur ki, düzdür, ölkədə dollara tələbat enib, lakin bu, müvəqqəti ola bilər...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti