18782 nəfər müəllim olmaq üçün imtahan verəcək

18782 nəfər müəllim olmaq üçün imtahan verəcək
  16 İyul 2013    Oxunub:1381
Növbəti müsabiqə 12-16 avqust tarixlərində keçiriləcək.
Azərbaycan Respublikası təhsil nazirinin “2013-2014-c il tədris ilində ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə müəllimlərin işə qəbulunun tənzimlənməsi barədə” əmrinə uyğun olaraq, iyulun 1-dən elektron ərizələrin qəbuluna başlanılıb.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov məlumat verib.

Onun sözlərinə görə, iyulun 15-də müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qəbulu başa çatıb. 15 gün ərzində ölkənin ümumi təhsil və ilk ilk peşə-ixtisas təhsili müəssisələrindəki 3286 vakant yerə 18782 nəfərin ərizəsi qəbul olunub.

F. Qədirov bildirib ki, ötən ilin statistikasına görə, müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı 3270, müraciətlərin sayı isə 16195 olub.

“Bu il ərizəçilər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili və riyaziyyat ixtisaslarını seçənlərin sayı daha çox olub. Bu illəri ibtidai sinif üzrə vakant yerlərin sayı 209, müraciət edənlərin sayı 4515 nəfərdir. Belə ki, Bakıda yerləşən bəzi məktəblər üzrə 1 ibtidai sinif müəllimi yerinə 1000-dən artıq müraciət qeydə alınıb. İkinci yerdə ingilis dili ixtisasıdır. 229 vakant yerə 3052 müraciət daxil olub. Daha çox Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə 293 vakant yerə 2505 nəfər müraciət edib”.

Şöbə müdirinin sözlərinə görə, işə qəbul üzrə qeydiyyatdan keçən ərizələrin təsdiqlənməsi prosesinin 16-20 iyul 2013-cü il tarixlərində həyata keçirilməsi nəzərdə tutulur. “21-13 iyul tarixlərində imtahan qrupları formalaşdırılacaq, hər bir müsabiqə iştirakçısının şəxsi səhifəsinə test imtahanının vaxtı və yeri barədə məlumat göndəriləcək”.

Test imtahanları Azərbaycan Dövlət İqtisad Unversitetinin əsas korpusunda keçiriləcək. Universitetdə lokal şəbəkə qurulmuş və serverə qoşulub. 2 imtahan otağında 240 kompüter yerləşdirilib, mühafizə və təhlükəsizlik təmin edilib.

Müəllimlərin işə qəbulu üzrə test imtahanları 25 iyul – 7 avqust tarixlərində, hər gün (bazar günlərindən başqa) saat 9:00-dan 18:00-dək keçiriləcək. Hər bir qrup üzrə imtahana 1 saat vaxt ayrılacaq.

Bu mərhələni uğurla başa vuranlar üçün 12-16 avqust tarixlərində müsahibə təşkil olunacaq.

Təhsil Nazirliyi müəllim olmaq istəyənlərin hər biri üçün bərabər şəraitin yaradılmasına, imtahan və müsahibə prosedurlarının şəffaf keçirilməsinə zəmanət verir.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti