Sarkisyan “DQR”-nı niyə tanıya bilmir? - SƏBƏB

Sarkisyan “DQR”-nı niyə tanıya bilmir? - SƏBƏB
  10 Aprel 2016    Oxunub:7121
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən son hərbi toqquşmadan sonra əldə olunan atəşkəs razılaşması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik aktivliyi də artırıb. Azərbaycan tərəfi atəşkəsə sadiq olduğunu və münaqişənin dinc yolla həllinin tərəfdarı olduğunu bəyan edir. Ermənistan tərəfi isə belə də olmalıymış kimi davranır.

Düşmən ölkənin başında duran Sarkisyan gah Rusiyadan silah istəyir, gah onu Azərbaycan silah satmaqda suçlayır, gah da qondarma “Dağlıq Qarabağ Respublikası”nı tanımaqla bağlı hədələr dövriyyəyə buraxır. Bir yandan da bəyan edir ki, cəbhədə gərginliyin azaldılması üçün hər şeyi edir. Erməni prezidenti ənənəsinə sadiq qalaraq qızğın döyüşlərdən sonra yenə ölkəmizi “DQR”-ı ilə şantaj etməyə başlayıb

Sarkisyan bildirir ki, münaqişənin nizamlanmasını çətinləşdirməmək üçün Ermənistan “Dağlıq Qarabağ”ın müstəqilliyini tanımayacaq: “Əgər Ermənistan bu gün Dağlıq Qarabağın müstəqilliyini tanısaydı, bu bizim münaqişənin nizamlanması prosesindən imtina etməyimiz anlamına gələrdi. Əgər biz Qarabağın müstəqilliyini tanısaq, onda danışıqlarda daha nəyi müzakirə edəcəyik? Biz münaqişənin nizamlanmasını çətinləşdirməmək üçün Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanımayacağıq”.

Sarkisyan “DQR”-nı tanımamaqla özünü konstruktiv və sülhsevər kimi qələmə vermək istəsə də əslində reallıq tam başqadır. Beynəlxalq təşkilatları və hüquq prinsiplərini indiyədək saymayan Serjik “DQR”-nın müstəqilliyini niyə tanıya bilmir?

Yaxud sual olunur: Ermənistanın qondarma respublikanı tanıması münaqişənin həllinə necə təsir göstərə bilər?



AzVision.az-ın suallarını politoloq Elnur Sultanov cavablandırıb.

Politoloq hesab edir ki, Ermənistanın qondarma respublikanı tanıması ona heç nə qazandırmır, əksinə düşmən ölkəni diplomatik mənada zəiflədir: “Bəzən iddia edirlər ki, tanınma məsələsi Ermənistanın əlində bir növ silahdır. Mövcud beynəlxalq münasibətlər sistemində bu məsələ qəbul edilən davranış sayılmır. Məsələn, ABŞ Kosovanı tanıdı və ardınca digər dövlətlər də ona qoşuldu. Burada siyasi güc bir növ məsələni həll etdi. Amma, Ermənistan kimi bir dövlətin tanıması həm normativ sistemlərə uymur, həm də anneksasiyavari bir məsələyə bənzəyir.

Tutaq ki, Qarabağın erməni vətəndaşları üsyan edir və aid olmaq istəyirlər. Bu dünyadakı normativ dəyərlər sistemində daha çox məqbul sayılır. Amma, başqa bir dövlət digərinin dəyərinə əl atır, onun torpağını özünə birləşdirmək istəyir. Bu isə qəbuledilməz bir hal sayılır. Xüsusilə burada gücdən istifadə məsələsi vardırsa. Ona görə Ermənistanın tanıması, anneksasiya çağırışları olan bir hadisə kimi düşmən ölkənin əleyhinə işləyir. Əgər Ermənistan bu addımı atarsa, beynəlxalq ictimaiyyətin müəyyən ölçüyə qədər hörmətini itirəcək. Ona görə də Rusiyanın, ABŞ-ın qondarma respublikanı tanıması bizim üçün daha təhlükəli hadisə olardı. Çünki, belə böyük dövlətlərin tanınması bəlkə də məsələni tamamilə gündəlikdən çxarar, strateji itki mənasına gələ bilərdi. Ancaq, Ermənistanın tanımağa getməsi, hüquqi mənada heç nəyi dəyişməsə də, diplomatik mənada ona verilən dəstəyin zəifləməsinə gətirib çıxara bilər. Bu baxımdan Ermənistanın bu hərəkətini blef saymaq mümkündür. Çünki, onlara tanıma heç nə qazandırmır, əksinə düşmən ölkəni diplomatik mənada zəiflədir”.

E.Sultanov vurğulayıb ki, Ermənistan qondaram respublikanı tanısa belə, heç nə dəyişməyəcək: “Tanımaq, beynəlxalq münasibətlərdə bir ölkənin müstəqil, suveren haqqıdır. Bunun davamı gəlməyəndən sonra tanımanın mənası nədir? Məsələn, Kosovanı 70 civarında dövlət tanıyır. Bu artıq problemdir. Çünki, bu halda tanıma artıq fakta çevrilir. Yəni, belə məsələlərdə tanıyanın kim olması və say çox böyük əhəmiyyətə malikdir. Rusiyanın Abxaziyanı tanıması Gürcüstan üçün müəyyən mənada dəhşətli hadisə sayıla bilər. Amma, Ermənistanın de-fakto maliyyələşdirdiyi qondarma respublikanı tanıması heç nəyi dəyişdirmir. Çünki, bunun arxası gəlməyəcək. Ümumiyyətlə, bu məsələdə Ermənistanın diplomatik avantajını görmürəm”.

Politoloq hesab edir ki, Ermənistanın şantaj dolu bəyanatları danışıqlar prosesinə təsir göstərməyəcək: “Ermənistan sarsılıb. Son hadisələrdə yeganə uduzan tərəf Ermənistandır. Burada Azərbaycan müəyyən mənada uddu. Rusiya da uduşlu sayıla bilər. Uduzan isə Serj Sarkisyandır. Çünki, onların qurmuş olduğu hərbi-siyasi mif dağıdıldı. Çünki, onların keçilməz hesab etdikləri müdafiə xətləri asanlıqla keçildi. Siyasi mif o mənada dağıldı ki, Rusiyanın dəstəyinə arxalanmalarına baxmayaraq, bu dəstək gəlmədi. Bu dağılma Ermənistan hakimiyyəti üçün nəticələr yarada bilər. Çünki, onlar bütün hakimiyyəti bu ritorika əsasında qurmuşdular. Serj Sarkisyanın məğlubiyyəti müxalifəti gücləndirəcək. Daxili siyasi arenada sarsılan Serj Sarkisyan xalqı yenidən arxasına almaq üçün ağzına gələn hər şeyi edə bilər. Amma, qeyd olunan məsələnin münaqişənin həllinə hər hansı bir təsir göstərəcəyini düşünmürəm. Danışıqlar prosesinə təsir göstərən əsas faktor Rusiyadır”.

E.Sultanov qeyd edib ki, münaqişənin həlli istiqamətində hazırda davam edən danışıqlar müsbət sonluqla yekunlaşmayacaq: “5 rayonun geri qaytarılması, sülhməramlı qüvvələrin yerləşməsi fikri böyük ehtimalla həyata keçməyəcək. Çünki, Rusiyadan kənar sülhməramlıların Dağlıq Qarabağda yerləşməsini istəmir. Özünün yerləşməsinə isə etiraz var. Yəni, biz rus qoşunu, bazası istəmirik. Bunun qarşılığında Qarabağa müstəqillik verilmədən ermənilər 5 rayondan çıxan deyil. Bu, mümkün deyil. Əgər Dağlıq Qarabağın statusu olmadan Rusiya erməniləri 5 rayondan çıxarsa, əvəzinə öz sülhməramlılarını yerləşdirsə, belə münaqişənin həlli real görünmür. Tərəflərin ortaq məxrəc nöqtəsini görmək mümkün deyil. Sadəcə Rusiya dünyaya mesaj vermək istəyir ki, məsələni yekunlaşdıra, tərəfləri yenidən danışıqlara cəlb edə, başlada bilir. Rusiya qurucu dövlətdir, konstruktivdir. Hesab edirəm ki, son hadisələr diplomatik gedişlərə hesablanıb. Ona görə də münaqişənin sonunu görmürəm”.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti