`Humanist`lərimizin erməni sevgisi

`Humanist`lərimizin erməni sevgisi
  11 Aprel 2016    Oxunub:7236
Aysel Əliyeva

TV kanallarımızın birində çalışırdım, illər-illər öncəydi.
O vaxtlar ki, onda məmləkət gəncləri intellektuallığın, modernliyin “özünü inkar”dan ibarət olduğu düşüncəsinə təzə aldanmağa başlamışdılar.
İncəsənət Universitetindən bir qrup tələbə staj üçün həmin kanala gəlmişdi. İçlərindən biri ilə çox yaxşı anlaşmağa, dostlaşmağa başladım. Sonra aydın elədik ki, sən demə, biz qohum imişik.
Qız Qarabağlı və qaçqın idi.


Bir səhər işə gələndə gördüm ki, bizim iş otağımızda səs-səsə qarışıb. Kanalda çalışan 1-2 qızla, bu balaca stajor qızcığaz söz güləşdirirlər. Digər qızlar stajor qıza amansızca “barbar” deyirdilər. Nədən ki, bu qız ermənilərin hətta suçsuz vətəndaşına da nifrət elədiyini demişdi.

Davanı sakitləşdirmək üçün qohumum qızı otaqdan çıxarıb, əl-üzünü yuması üçün ayaq yoluna apardım. Uşaqlığındanmı, həssaslığındanmı bilmirəm, zəif tərəf olmuşdu davada.

Mən ona boş verməsi üçün məsləhətlər verəndə, o, hönkürə-hönkürə ancaq bunu demişdi: “Onlar sənədlərdə ‘yaşadığı ünvan’ bölməsinə ‘Göyərçin Pioner Düşərgəsi’ yazmaq necə olur, bilmirlər...”

Nəticəsi çoxlarını qane etməsə də, bir savaş yaşandı Azərbaycanda.
Şəhid verdik, üzüldük, ağladıq, ümidləndik, qürurlandıq...
Yaşanan hər şey biz sıradan vətəndaşların iradəsi xaricində yaşandı.
Bizə düşən sadəcə, ANS aparcısının “məktəb qurtarmısan, yoxsa bağça?!” deyə zarafata saldığı - bir cümləni belə çətinliklə quran yalın, ancaq mərd əsgərlərimizə ruhən dəstək olmaq idi. Və biz bunu yaxşı bacardıq, məncə.
Bircə bu intellektual “keçinən”, humanistlik qiyafəsi içində mənsubiyyətsizlik sindromu yaşayan kəslər olmasaydı...

Nəymiş əfəndim, biz aldanmışıq. Biz oyuna gəlmişik. Qarabağ da, savaş da, hansısa torpaqların geri alınması da, erməni tərəfinin itkisi də yalan imiş. Üstəlik, bu həssas dönəmdə erməniyə kin bəsləmək yanıb-sönəcək müvəqqəti hisslərin təsirindənmiş. Olmaması gərəkliymiş.

“Rədd olsun müharibə, yaşasın sülh” filan...
Humanistlik bir kənara, sanarsan sadəcə təməl ehtiyacları üçün yaşayan qəbilə insanlarıdır.



Hərçənd, ən tükürpərdici həyat tərzi yaşayan mursililər belə, yeyib, yatıb, çoxalmaqdan ibarət kimi görünən yaşamlarının içinə sahib olduqları uğrunda savaşmağı sığdırıblar – qadınları üçün, uşaqları üçün, yeməkləri üçün, qəbilələri üçün. Bir sənədli filmdə izləmişdim, alt dodağına başından böyük boşqab yerləşdirmiş, qulaqlarından dəmirlər sallanan, kamera önündə çılpaq halıyla uşağını əmizdirən mursili qadın deyirdi ki, “yenə doğulsam, burda, Mursidə doğulmaq istəyərəm”.

Qlamur həyat tərzini facebookda sərgiləməkdən böyük bir həzz duyan bacılar bu dönəmdə erməni tərəfinin ölülərini sayanları tərbiyəsiz, əxlaqsız adlandırdı.
Deyir ki, Qarabağda döyüşən qadınları qəhrəman eləyənlər indi Ermənistanda cəbhəyə qoşulan qızcığazların şəkillərini paylaşıb, xoşagəlməz şeylər yazırlar. Olmaz belə, ədalətli olun, deyir. Özümüzə tanıdığımız haqqı onlara da tanıyın, deyir. Bu cür paylaşımlar etməyin, dar kafalı olmayın, kitab oxuyun bir az, deyir.

Qiymətli bacım, məmləkətinin halı səni riviera zeytun yağının insan bədəninə faydaları mövzusundan daha az maraqlandırırsa, bu, sənin şəxsi işindir. Sən yenə də sağlıqlı yemək reseptləri paylaş; yenə də opera-balet izlədiyin zaman selfilər çək; yenə də oxuduğun kitabların içindən işinə gələn sitatları seçib qeyd etməyində ol.
Ancaq bir ovuc torpağını qorumaq üçün həyatından vaz keçən əsgərlər üçün ağlayan, onları qəhrəmanı kimi bağrına basanları kiçik görmə!

Necə ki, sizin insancıllıq zümzümələriniz başqaları üçün önəmsizdir, başqalarının düşməninə nifrəti, vətəninə sevgisi də sizin üçün önəmsiz olsun.
Beləcə bir-birimiz üçün sağlam yaşam mühiti yaratmış olacağıq.

Amma hər şey bir kənara, vallah, adını ucadan tələffüz elədiyiniz humanist, yüksək ali dəyərlər aşılayan sənətçilər, yazarlar, filosoflar Azərbaycanlı olsaydı, sənədlərdə yaşadığı ünvan bölməsinə “Göyərçin Pioner Düşərgəsi” yazmaq necə olur, anlayardı...


Teqlər:  





Xəbər lenti