Müharibə tarixin təmiri prosesidir - Aqşin Yenisey yazır

Müharibə tarixin təmiri prosesidir - Aqşin Yenisey yazır
  11 Aprel 2016    Oxunub:8619
Aqşin Yenisey

Humanizm İsa peyğəmbərin dilindən “bir üzünüzə tüpürəndə o biri üzünüzü çevirin” şəklində yəhudilərə təklif olunan Roma sülhüdür!

Hər bir xalqın tarixi onun iştirakçısı olduğu müharibələrdən qoruyub saxladığı əsgərlik xatirləridir. Hər bir xalq özünə borc bilir ki, bu ölüm-dirim haqqında xatirələrini böyük ehtiramla toplayıb mənəvi sərvətə çevirsin. Hər bir xalqın mədənilik səviyyəsi tarixindəki müharibələrin sayı ilə ekvivalentdir.

Mədəniyyət xalqların qanla həyata keçirə bildiyi arzularıdır. Hər bir müharibəyə güc verən də xalqın mədəni səviyyəsindəki yüksəlişdir. Təkcə islamın bədəvi ərəblərə, köçəri türklərə verdiyi gücü xatırlamaq yetər. Lakin hər bir xalq öz müharibəsini tarix faktına çevirə bilmir, ya ona mane olurlar, ya da xalqın mədəni-siyasi potensialı buna imkan vermir. Məsələn, rus-əfqan müharibəsini məğlub olmalarına baxmayaraq ruslar tarixə, qalib gəlmələrinin fərqinə belə varmayan əfqanlar isə həyat tərzinə çevirdilər.

Əvvəlcə ondan başlayaq ki, Qarabağda baş verənlər nə üçün müharibə kimi yox, daha çox münaqişə kimi dünyaya təqdim edilir?

Sözsüz ki, bu mövzuda danışarkən Qarabağaqədərki tarixi gözə almamaq üçün ya gərək cahil vətənpərvər olasan, ya da gərək ilk fürstədə aranı cıran azad muhacır!

1990-ci illərdə ermənilər Qarabağ ərazilərini bir-birinin ardınca işğal edəndə bizim o vaxtkı sovetdənqalma anima arxetipli humanist düşüncə tərzimiz hansısa naməlum sufliyorun ağzından eşidib bəyan etdi ki, bu, müharibə yox, Rusiyanın Qafqaz suyasətidir.

Əlüstü hamı razılaşdı.

1994-cü ildə "Bişkek protokolu" imzalandı və bu dəfə yenə belə bir düşüncə tərzi ixrac olundu ki, sən demə, bu günə qədər Qarabağda baş verənlər beynəlxalq siyasi güclər arasında gedən mənafe davasıymış, yəni müharibə deyilmiş.

Yenə biz pasa getdik!

2 aprel 2016-ci il, cəbhədə döyüşlər başladı və Azərbaycan ordusu bəzi əraziləri düşmən işğalından azad etdi. Bu dəfə Qarabağ məsələsi müharibə meydanı səviyyəsindən “hakimiyyətin oyunu” səviyyəsinə qədər daraldıldı.

Ancaq bu dəfə gözlənilməz hadisə baş verdi; hadisələr göstərdi ki, Qarabağ məsələsi nə rusun Qafaqaz siyasətidir, nə beynəlxalq güclərin mənafe toqquşmasıdır, nə də “hakimiyyətin oyunudur”.

Qarabağ xalq üçün MÜ-HA-Rİ-BƏ-DİR!!!

Nə üçün bu 26 il ərzində biz Qarabağda baş verənlərə ad qoya bilməmişik?

Diplomatiya üçün o “Qarabağ münaqişəsi”, media üçün “Qarabağ problemi”, sadə xalq üçünsə sadəcə “Qarabağ danışıqları”dır. Kim və nə bizə mane olur ki, bu döyüşlərin adını “Qarabağ müharibəsi” qoymayaq? Hər iki tərəfdən nizami orduların və bütün növ silahlarla döyüşməsi onun müharibə adlandırılmasına bəs etmirmi?

Münaqişəyə müharibə adı qoymaq onu tarixi fakt kimi aktlaşdırmaqdır. Tərəflərin tarixi məsuliyyətini artırmaqdır. Qarabağa “münaqişə” adını rus-Qərb diplomatiyası qoyub, onu tarixi ədalətin mühakiməsindən yayındırıb, hansısa heç bir tarixi, beynəlxalq əhəmiyyəti olmayan Minsk qrupunun müzakirəsi səviyyəsinə endirmək üçün. Halbuki onlar öz aralarında qan tökmədən apardıqları ideoloji mübarizəyə də “Soyuq müharibə” adı vermişdilər. Heç bir siyasi bəlağətə yol vermədən, qısa və konkret “Soyuq müharibə!”. Çünki müharibənin tarixi məsuliyyəti nəticə tələb edir, Müharibə sülh şəklinə salınıb idarə edilməsi mümkün olmayan münaqişədir. Müharibə kütləni millətə çevirən fövqəladə ehtirasdır. Müharibə həm də millətin psixoloji-mənəvi dezinfeksiyasıdır. Xalqın tarixi yaddaşının bərpasıdır. Müharibə tarixin təmiri prosesidir. Müharibə tarixi ədaləti, ədalətsizliyi unudulmağa qoymayan unikal hadisədir. Müharibələr xalqların, millətlərin ruhi-mənəvi təkamül prosesidir, buna görə Qarabağa “münaqişə” adı qoyublar.

Müharibə ağıl yox, ruhi-mənəvi səviyyəyə qaldırılmış düşmənçilikdir. Müharibə ölümün insan qarşısında aciz olduğu yeganə məqamdır. Müharibənin idealı azadlıqdır. Müharibədə sülh üçün də döyüşməlisən, sahibi öldürülmüş çəkmə üçün də. Yalnız müharibə üçün varlı və kasıbın fərqi yoxdur. Müharibə azadlıqdır, dinc dövrdə əxlaqın və qanunların zəncirlədiyi insanlığa xas olan bütün emosiyaların azadlığı. Müharibə gücün azadlığıdır. Buna görə Qarabağa “münaqişə” adı qoyublar, onu tarixi gücdən, xalq ruhundan gizləyib kənarda saxlamaq üçün.

Amma münaqişə ötəri emosiyalardır, münaqişəni sülh şəklinə salıb, yaxud “dondurub” xalqın həyat tərzinə də çevirmək olar, hələ desən, uzunmüddətli “xalqlar dostluğu”na da! Buna ən gözəl nümunə olaraq ingilislərlə irlandlar, cənubi azərbaycanlılarla farslar arasındakı münasibətləri göstərmək olar. Müharibədə ölən insanla münaqişədə ölən insanın dəyəri bir deyil. Münaqişədə ölən insan zavallıdır. Münaqişədə ölüm ruh düşkünlüyüdür, təhqirdir. Münaqişədə ölmək ağılsızlıqdır. Münaqişədə qələbə yox, qazanmaq haqqında düşünürlər.

Münaqişədə itirmək salıb itirməkdir. Münaqişədə qazanılan qələbə deyil, salıb itirdiyindir. Münaqişədirsə, vətən gözləyə bilər, əvvəlcə arvad-uşağı fikirləşməlisən. Münaqişədirsə, kasıblar döyüşməlidir. Münaqişədə xalq dövləti dəstəkləməyə bilər, məsələn, Suriyada xalqı bu cür aldatdılar, baş verənlərə iqtidar-müxalifət münaqişəsi adı qoyulduğu üçün xalq dövləti dəstəkləmədi. Amma adı müharibədirsə, xalq hətta faşizm kimi bir ədalətsizliyin də yanında olmağı son ana qədər özünün ləyaqət borcu bilir. Çünki müharibə xalqın adına yazılır. Amma münqişənin məsuliyyətini istənilən iqtidarın üstünə yıxmaq olar.

Qarabağ müharibəsinə “münaqişə” adı qoymaqla iyirmi altı ildir ki, onu bizim həyat tərzimizə çeviriblər. Qarabağın müharibə yox, “münaqişə” olması ilə razılaşmaq elə onu itirmək deməkdir. Ona görə də bu siyasəti idarə edən rus-xristian təşkilatları və onların beynəlxalq forum menyuları ilə bəslədiyi muzdlu mühacirlərimiz indi dodaqlarındakı alman, çex pivəsinin köpüyünü yalaya-yalaya çox rahat şəkildə son döyüşdə həlak olan şəhidlərin sayını ölkənin başına qaxırlar, ölkədəki “tupoy” humanistlər də onların çaldığına oynayır. Niyə? Çünki onların beyninə yeridilmiş “münaqişə psixologiyası”na görə Qarabağ münaqişədir, problemdir, “siyasi oyundur”, “sülh danışıqlarıdır”, “forum çərənçiliyidir”, hələ bir az içkili başlar üçün “çəpər davasıdır”, bircə müharibə deyil. Onlar üçün Qarabağ erməni və Azərbaycan xalqının həyat tərzidir, həyat tərzinə görə də insan öldürmək olarmı? Şəhid vermək olarmı? Onlar üçün Qarabağ, uzaqbaşı, hansısa tədbirin banketində zarafat dolu mübahisə mövzusu ola bilər və elə buna görə indi olduqları yerdədirlər.

1-5 aprel tarixində Azərbaycan tərəfi Qarabağın bir neçə günlüyünə də olsa, münaqişə yox, müharibə olduğunu unutmadığını göstərdi. Və nə baş verdi? Rusiyanın Baş naziri Medvedyev müsahibəsində dedi ki, Qarabağda indiki qanlı müharibədənsə, əvvəlki qansız münaqişə yaxşıdır və dərhal Azərbaycan ordusunun həlak olmuş əsgərlərinin sayı informasiya müharibəsinin baş mövzusuna çevirildi. Məqsəd aydındır, müharibədə uğur qazana bilən Azərbaycanı insan itkiləri ilə şantaj edib hərbi yoldan çəkindirmək. Bu rusların ənənəvi müharibə siyasətidir! Və bu rus-erməni propaqandasının başında kim getsə yaxşıdır? – azərbaycanlı əhlikef mühacirlər!!! İşğal olunmuş iyirmi faiz torpağın və bir milyon qaçqının belindən gələn sülh göyərçinləri!!!

Hələ Türkmənçay müqaviləsi imzalanan zaman Qriboyedov yazırdı ki, torpaqlarına erməni ailələri köçürülmüş azərbaycanlıları qonaqların bu torpaqlarda müvəqqəti qalacaqlarına inandırmaq lazımdır. İndi rus diplomatiyası da bizi öz mühacir sülhpərvərlərimizin dili ilə qorxutmağa çalışır ki, Qarabağda ölmək boş şeydir, bu müharibə-zad deyil, siyasi oyundur və uzanıb döyüşmək yox, oturub danışmaq lazımdır.

Bu sınanılmış yoldur. Məsələn, II Dünya müharibəsində Hitlerlə Avropa ölkələri, eləcə də Rusiya həm də radiodalğalarla döyüşürdü. Hitler o vaxtkı Çexoslovakiyanı və Fransanı radiomüraciətlərin, konkret olaraq avropalıların “Ştutqartlı xain” ləqəbi verdikləri diktorun faşizmin gücü haqqındakı çıxışlarının hipnotik təsiri ilə döyüşsüz işğal etmişdi. Stalinin öz səsinin tonu ilə Hitlerin özünü belə depressiyaya sala bilən Levitan adlı silahı var idi.

Vaxtilə imperativ gücə malik olan farsların, romalıların, türklərin etnik xarakterlərinin zəifləməsinə səbəb olan da bu xalqların düşüncələrində ideyaların anarxiyasını yaradaraq, onların ruhi aləmini depressiyaya uğradan bu cür təslimçilik aşılayan təbliğatlar və təşkilatlar olmuşdur. Bu cür təbliğatın ən yaxşısını xalqın, dövlətin öz içində formalaşanlar aparır. Onların işi xalqı dövlətdən ayırmaq və insanların beyninə bu fikri yeritməkdir ki, məsələn, Qarabağ məsələsi xalqların yox, dövlətlərin işidir. Xalq dəstəyindən məhrum olmuş istənilən dövləti diz çökdürmək isə çətin məsələ deyil. Məsələn, Roma və Sasanilər imperiyası güclü dövlətlər olduğu halda barbarlar Romanı, ərəblər isə fars imperiyasını darmadağın etdilər. Çünki nə Romanın, nə də III Yəzdigərdin yanında xalq yox idi. Xalqı əmin etmişdilər ki, imperatorun və şahənşahın heç kimə ehtiyacı yoxdur.

İndi baxaq görək humanist olmaq bizim haramıza yaraşır?

Bəri başdan deyək ki, humanizm özünüqoruma aktı olmadığına görə heç bir təbii-fundamental əsası yoxdur. Humanizm bir ideya olaraq öz başlanğıcını Misir allahlarını əkişdirib özlərinə hüquq sistemi düzəldən qədim romalıların şəxsi qisasalmanı ictimai mühakimə ilə əvəzlədiyi eramızdan əvvəlki illərə gedib çıxır. Cəzaları daha ağrısız həyata keçirmək, işgəncənin təkamülü məsələsi kimi meydana çıxdığı üçün humanizm öz mənşəyini qurbanın yox, cəlladın təxəyyülündən alır! Yəni zəifin yox, güclünün! Hökmə tabe olanın yox, hökmü verənin və icra edənin!

Humanizm insanın başının kəsilməsinin əvəzinə insanın boğazından asılmasıdır! Humanizm insanın Linç amansızlığı ilə küçədə deyil, məhkəmə intizamı ilə səliqəli otaqda öldürülməsidir! Humanizm tox yırtıcılıqdır! Humanizm əsiri öldürməməkdir! Humanizm imperializmin çiçəklənməsidir! Humanizm allahı qoruyan qılıncdır! Vətəni qoruyan süngüdür! Humanizm fatehin kefinin kök vaxtıdır! Humanizim basdığını kəsməməkdir! Humanizm fiziki işgəncənin mənəvi əzabla əvəzlənməsidir! Humanizm İsa peyğəmbərin dilindən “bir üzünüzə tüpürəndə o biri üzünüzü çevirin” şəklində yəhudilərə təklif olunan Roma sülhüdür! Humanizm sülh deyil, sadəcə, göyərçindir! Humanizm ədalətli müharibədir! Humanizm caninin cəzalandırılmasıdır! Humanizm timsahın göz yaşlarıdır! Humanizm gücə güvənən mərhəmətdir, mərhəmətə güvənən güc deyil! Humanizm Sezarın kütləyə verdiyi hakimiyyət heyranlığıdır! Humanizim əzənin insanpərvərliyidir! Humanizm qulun mükafatıdır! Humanizm məğluba öz həyatını bağışlamaqdır! Humanizm qorxağın təsəllisidir! Humanizm barbarın zorladığı qadını öldürməməsidir, zorlanan qadının üstünü düzəldib barbara təşəkkür etməsi deyil! Humanizm tarixin yola saldığı xalqların arxasınca çaldığı“Vağzalıdır”.

Humanizm bunların heç birinin əksi deyil!


Teqlər:





Xəbər lenti