TQDK niyə ləğv edildi?

TQDK niyə ləğv edildi?
  12 Aprel 2016    Oxunub:8044
Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyevin imzaladığı fərmanla Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilib, yeni Dövlət İmtahan Mərkəzi yaradılıb.

Yeni yaradılan Dövlət İmtahan Mərkəzi bir çox məsələləri - Azərbaycanda orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edəcək.

Mərkəz həm də imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayaraq onu Təhsil Nazirliyi ilə razılaşdırmaqla təsdiq edəcək.

Yeni qurumun yaradılması gözlənilməz olsa da, TQDK-nın ləğvi gündəmdə idi.

Təhsil üzrə ekspert Şahlar Əsgərov hesab edir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğv edilməsi doğru addımdır. Ekspertin sözlərinə görə, yeni yaradılan qurumun müstəqil olması müsbət hal kimi qiymətləndirilməlidir.

Ş.Əsgərovun sözlərinə görə, TQDK-nın fəaliyyətində bir sıra qüsurlar, mənfi cəhətləri var idi: “TQDK-də tələbələrin arzu və istəklərinin əksinə qərarlar verilirdi. Buna görə də tələbələrin ali məktəblərə getməyə həvəs qalmırdı. İnsanlar sevmədiyi fənni öyrənmək istəmirlər. Bu cəhətdən TQDK-nın böyük qüsurları var idi”.

Ekspert hesab edir ki, yeni yaradılan qurumda bütün qüsurlar aradan qaldırılacaq. Test imtahanlarının ləğv olunacağı məsələsinə toxunan ekspert hələ bunun mümkün olmadığını deyib.

“Test imtahanlarının öz üstünlükləri var. İlk olaraq bu ekspressdir, yəni sürətlidir. Bu, az məsrəflə çox sayda insanın imtahan etmək deməkdir. Test imtahanı zaman baxımından da faydalıdır. Odur ki, hələ ki, test imtahanının ləğvi heç bir müsbət nəticə verməz”-deyə Ş.Əsgərov bildirib.

Milli Məclisin Elm və təhsil komistəsinin üzvü, professor Musa Qasımlının fikrincə, TQDK-nın bir ad kimi ləğv edilməsi zərurətə çevrilmişdi. Çünki son illərdə bu qurum təkcə tələbə qəbulunu həyata keçirtmirdi, eyni zamanda dövlət qulluğuna qəbul imtahanlarını da təşkil edirdi.

Deputatın sözlərinə görə, qurumun fəaliyyət dairəsi genişləndirildiyindən islahatların aparılması vacib idi: “Ölkə başçısı tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın və TQDK-nın ləğv edilərək, onların bazasında Dövlət İmtahan Mərkəzinin yaradılması ölkəmizdə təhsil və dövlət idarəçiliyi sahəsində aparılan islahatların tərkib hissəsidir. Bu sahələrdə işlərin idarə olunmasının sadələşdirilməsini, təkmilləşdirilməsini nəzərdə tutur, vətəndaşlara fayda verəcəyi qənaətindəyəm”.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti